MƏDƏNİYYƏT
“Əkizlər” bədii-sənədli filmi təqdim olunacaqdır
Bakı, 16 may (AZƏRTAC). Mayın 17-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin binasında “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) istehsal etdiyi “Əkizlər” bədii-sənədli filminin təqdimat mərasimi keçiriləcəkdir.
AzTV-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, film vaxtilə AMEA-nın Genetik Ehtiyatlar və Zoologiya institutlarının elmi işçiləri olmuş biologiya elmləri namizədləri Ziyad və Atlıxan Xanməmmədovların həyat və elmi fəaliyyətlərinə həsr olunmuşdur.
Filmdə alimlər - Zeynal Əkbərov, Zəkəriyyə Məmmədov, Qara Mustafayev və başqaları həmkarları haqqında unudulmaz xatirələrini bölüşmüşlər.
Filmin çəkilişləri Bakıda və Şamaxıda aparılmışdır. Zahid və Atlıxan Xanməmmədov qardaşlarının obrazını Xalq Artisti İlham Əsgərov, onların uşaqlıq dövrünü əkiz qardaşlar – Anar və Amin Əliyevlər canlandırmışlar.
Bu ekran əsərinin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru Sənan Sultanov, operatoru Zahid Bağırovdur.