SİYASƏT
Əl-Savvağ: Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlər insan haqlarının açıq şəkildə pozulmasıdır
Bakı, 15 oktyabr, AZƏRTAC
Küveyt Dövlətinin Elektron Media Birliyinin rəhbəri, bu ölkənin “Dasmannews” onlayn xəbərlər portalının idarə heyətinin sədri Feysal Xəlifə əl-Savvağ Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü və mülki şəxslərin hədəfə alınmasını pisləyən bəyanat yayıb.
Azərbaycan Küveytdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bəyanatda Feysal Xəlifə əl-Savvağ Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü və mülki şəxslərin hədəfə alınmasını pisləyərək, beynəlxalq ictimaiyyəti qətiyyətli, sərt mövqe nümayiş etdirməyə və həmin cinayətlərə görə işğalçını cəzalandırmağa çağırıb.
Əl-Savvağ bildirib ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlər beynəlxalq hüququn və insan haqlarının açıq şəkildə pozulmasıdır.
Elektron Media Birliyinin rəhbəri beynəlxalq ictimaiyyətin susmasının, həmin təxribatları dəstəkləyən ölkələrin mövqelərinin qəbuledilməz olduğunu bildirib, mövcud vəziyyətin, sözün əsl mənasında, faciə olduğunu vurğulayıb.
Qeyd edilib ki, beynəlxalq ictimaiyyət və beynəlxalq hüquq Azərbaycanın hüquqlarının müdafiəsi üçün əsl çağırışla üz-üzədir. Hazırda Ermənistan tərəfindən törədilən təxribatlar müharibə cinayəti və soyqırımıdır.
Əl-Savvağ hadisələrin gərginləşəcəyindən və çoxsaylı tərəflərin müdaxiləsi ilə problemin regional və beynəlxalq qarşıdurmaya çevrilməsindən ehtiyatlanmağa çağırış edərək, baş verənləri dayandırmaq üçün Birləşmiş Millətlər Təşkilatından və digər aidiyyəti qurumlardan dərhal dialoqun başladılmasını, mülki şəxslərin hüquqlarının qorunmasını tələb edib.