ELM VƏ TƏHSİL
Ali təhsil müəssisələrinin filial rəhbərləri “Qayıdışdan qurtuluşa” adlı elmi-praktik konfransda bir araya gəliblər
Bakı, 15 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının təşkilatçılığı ilə Azərbaycan ali təhsil müəssisələrinin filialları ilə birgə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Qayıdışdan qurtuluşa” adlı onlayn elmi-praktik konfrans keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, Quba filialının direktoru, dosent Yusif Alıyev çıxışında Heydər Əliyevin ölkədə siyasi sabitliyin əldə edilməsində rolundan danışıb. Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışının ilk iki ili ən gərgin mübarizə dövrüdür. Məhz həmin illər ərzində bir neçə çevriliş cəhdinin qarşısı alınıb. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” isə Azərbaycanın inkişafında yeni mərhələnin başlanğıcı olub. Beləliklə, ölkəmiz siyasi-iqtisadi, coğrafi baxımdan dünyanın diqqət mərkəzinə çevrilib.
UNEC-in Zaqatala filialının direktoru, professor Orucəli Rzayev, BDU-nun Qazax filialının direktoru, dosent Arif Rüstəmov, ADPU-nun Şəki filialının direktoru, dosent Rafiq Rəsulov, Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova və digər çıxış edənlər Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən söz açıblar. Qeyd edilib ki, Heydər Əliyevin hakimiyyətə qayıtması Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına kəskin cavabların verilməsi və ölkə daxilində sabitliyin təmin edilməsi kimi xarakterizə olunur.
Konfrans ümummilli lider Heydər Əliyevə həsr olunmuş videoçarxın nümayişi ilə başa çatıb.