ELM VƏ TƏHSİL
Ali təhsil müəssisələrinin magistraturalarına ərizə qəbulu ilə bağlı yaradılmış SQK-ların nümayəndələri üçün seminar-məşğələ keçirilmişdir
Bakı, 7 fevral (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına ərizə qəbulu ilə bağlı yaradılmış sənəd qəbulu komissiyalarının (SQK) nümayəndələri üçün seminar-məşğələ keçirilmişdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, tədbirdə TQDK-nın İmtahanların təşkili və idarə edilməsi sektorunun müdiri Hidayət Zeynalov SQK üzvlərinin öz fəaliyyətlərini səmərəli təşkil etmələri üçün vacib olan məsələlərə toxunmuş, onları üzərlərinə düşən vəzifələrlə tanış etmişdir.
H.Zeynalov “Bakalavrın elektron ərizəsi” formasını fevralın 11-dən 21-dək dolduracaqlarını və ərizələrini fevralın 12-dən 22-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 9.00-dan 17.00-dək təsdiq etdirə biləcəklərini qeyd etmişdir.
Sektor müdiri bakalavrların “Elektron ərizə” formasını doldurmaları üçün lazım olan virtual ödəmə kartını internet ödəmə və ya “Azercell” və “Nar Mobile” nömrələrindən SMS xidmətləri vasitəsilə əldə edə biləcəklərini xatırlatmışdır. Bildirmişdir ki, mobil telefonlardan 7725 nömrəsinə boş SMS göndərməklə virtual ödəmə kartı əldə etmək olar.
Sonra ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev qəbul elanı, proqram seçimi ilə bağlı məlumat vermişdir. N.Əliyev SQK-lara müraciət edən, magistraturaya qəbula dair suallar verən bakalavrlara hərtərəfli məlumat verməyin, onlarla izahat işləri aparmağın vacibliyini vurğulamışdır.
Məlumat bazalarının yaradılması sektorunun müdiri İlqar Allahverdiyev ərizə qəbulu zamanı yarana biləcək suallara aydınlıq gətirmiş, “Elektron ərizə” qəbulu sisteminin proqram təminatı, bu istiqamətdə aparılmış yeniliklər və ümumilikdə sənəd qəbulunun aparılması qaydaları barədə geniş məlumat vermişdir.
Tədbirdə SQK üzvləri ərizə qəbulu sisteminin real rejimdə nümayişi ilə də tanış olmuşlar.
SQK təmsilçilərini maraqlandıran suallar cavablandırılmışdır.