CƏMİYYƏT
Əlillik müddətinin uzadılması üçün daha 24 şəxsin əyani müayinəsi aparılıb
Bakı, 17 iyun, AZƏRTAC
Hərbi səbəblərlə əlaqədar təyin edilmiş əlillik müddətinin uzadılması üçün barələrində e-sistemə göndəriş daxil edilmiş, eləcə də əlillik sənədlərində ziddiyyət aşkarlanan daha 24 şəxsin əyani müayinəsi aparılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində müvafiq komissiya tərəfindən aparılan müayinə zamanı həmin şəxslərdən 13-nə əlillik təyin olunmasına dair qərar qəbul olunub. Qalan şəxslərdən 7-nin diaqnoz və sağlamlıq durumunun əlilliyə əsas vermədiyi, 3-nün tam reabilitasiya olunduğu müəyyən edilib, birinə isə səhiyyə müəssisəsində yenidən müayinə olunması üçün göndəriş tərtib edilib.
Qiymətləndirmə prosesində şəffaflığın tam təmin olunması üçün əyani müayinələrin hər birinin videoçəkilişləri aparılır, qeyri-hökumət təşkilatları nümayəndələrinin müayinələrdə iştirakı təmin edilir. Budəfəki əyani müayinədə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Alızadə iştirak edib.