ELM VƏ TƏHSİL
Almaniyalı professor Sylvio Simona AzTU-nun fəxri doktoru adı verilib
Bakı, 12 iyun, AZƏRTAC
İyunun 12-də Azərbaycan Texniki Universitetinin (AzTU) elmi şurasının növbəti iclasında almaniyalı professor Sylvio Simona bu ali məktəbin fəxri doktoru adı verilib.
AZƏRTAC xəbər verir ki, iclasda AzTU-nun rektoru vəzifəsini icra edən professor Xalıq Yahudov ali məktəbin Almaniya universitetləri, o cümlədən Brandenburq Texniki Universiteti (BTU) ilə əməkdaşlığından danışıb.
AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov Sylvio Simonın koordinatorluğu ilə Brandenburq Texniki Universiteti və AzTU arasında maşınqayırma sahəsində elmi-tədris əlaqələri haqqında məlumat verib. Alman Akademik Mübadilə (DAAD) “Şərq əməkdaşlığı” proqramı çərçivəsində Lausits Ali Məktəbi ilə qurulan əlaqələrdən danışan prorektor qeyd edib ki, 2013-cü ildə AzTU-nun 14 tələbəsi BTU-da yay məktəbində iştirak edib. Brandenburq Texniki Universitetinin təşkilatçılığı ilə AzTU-da elmi seminarlar keçirilib və bütün bunların məntiqi nəticəsi olaraq maşınqayırma fakültəsinin nəzdində maşın mühəndisliyi ixtisası üzrə almandilli qrup təşkil edilib. Professor Sylvio Simon AzTU-nun Avropa ali təhsil sisteminə inteqrasiyasında müstəsna xidmətlər göstərib. Maşınqayırma sahəsində ikili diplomların verilməsi istiqamətində razılaşmanın əldə edildiyini söyləyən prorektor hazırda bu işin davam etdiyini bildirib.
Digər çıxış edənlər də professor Sylvio Simonun 10 ildən artıq müddətdir ki, AzTU-nun inkişafı üçün töhfələr verdiyini, əhəmiyyətli işlər gördüyünü diqqətə çatdırıblar.
Daha sonra elmi şura üzvlərinin səsverməsi ilə professor Sylvio Simon AzTU-nun fəxri doktoru elan edilib.
AzTU-nun fəxri doktoru adına layiq görülməsindən məmnunluğunu bildirən almaniyalı professor universitetlər arasında əməkdaşlığın daha da genişlənəcəyinə ümidvar olduğunu söyləyib. “Erasmus+” proqramı üzrə növbəti layihənin qalibi olduqlarını deyən qonaq növbəti üç ildə bu sahədə də əməkdaşlığın davam etdiriləcəyini qeyd edib.
Elmi Şuranın iclasından sonra almaniyalı qonaqlar AzTU-nun Maşınqayırma fakültəsinin maşınqayırma texnologiyası kafedrasının professor-müəllim və tələbə heyəti ilə görüşüblər. Görüş zamanı almaniyalı qonaqlar tərəfindən kafedraya 3D printeri hədiyyə edilib. Bu printerdən tələbələr dərs vəsaiti kimi istifadə edəcəklər. 3D printeri tələbələrə hissələrin texnoloji proseslərinin layihələndirilməsi nəticəsində alınan son məhsulun hazırlanmasına imkan verəcək.