ELM VƏ TƏHSİL


Almaniyalı tələbələr ölkəmizin turizm imkanları barədə məlumatlandırılıb

Bakı, 14 avqust, AZƏRTAC 

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə Almaniyanın “Eichstatt-İngolstadt” Katolik Universiteti arasındakı əməkdaşlıq çərçivəsində yay məktəbi təşkil olunub. Dövlət Turizm Agentliyinin təşkilatçılığı və Alman Akademik Mübadilə Xidmətinin dəstəyi ilə həyata keçirilən yay məktəbində ölkəmizin turizm sahəsi tədqiq edilir.

ATMU-dan AZƏRTAC-a bildirilib ki, artıq Bakı-Abşeron və Quba-Xaçmaz qruplarına bölünən yay məktəbinin iştirakçıları regionlarımızda turizm mütəxəssisləri ilə müsahibələrə başlayıblar. Belə ki, Bakı-Abşeron qrupu müasir İpək Yolu marşrutunda ölkəmizin turizm sahəsinin vəziyyətini araşdırır. Quba-Xaçmaz qrupu isə “Davamlı Dəyər Zəncirinin inkişafı Cənubi Qafqazda inkişaf etməkdə olan iqtisadiyyatlar üçün bir sabitlik faktoru kimi” mövzusunda regionun turizm mütəxəssisləri ilə müsahibəyə dəvət edilib.

Tədqiqat zamanı alman professor-tələbə heyətinə ATMU-nun müsahibəsindən uğurla keçmiş tələbə və məzunlar kömək edir. Qonaqlar Azərbaycan həqiqətləri, Balakən, Zaqatala, Şəki, İsmayıllı kimi dilbər guşələrimiz barədə məlumatlandırılır. Onlara alban memarlığı, Böyük Qafqazın əsrarəngiz təbiəti, ölkəmizin müvafiq istiqamətinin rəngarəng etnoqrafiyası və mətbəxi, Prezident İlham Əliyevin həyata keçirdiyi multikulturalizm siyasəti barədə məlumat verilir.

Bakı-Abşeron qrupu Qobustan qayaüstü rəsmləri, İçərişəhər və Bakının görməli yerləri ilə tanış olub. Mətbəximizin ləziz nümunələrini dadan qonaqlara milli geyimlərimiz və rəqslərimiz nümayiş etdirilib.

Quba-Xaçmaz qrupunun regiona səfəri Quba Soyqırımı Memorial Kompleksi ilə tanışlıqla başlayıb. Burada tarixi faktları özündə əks etdirən eksponatlar vasitəsilə qonaqlara hələ bir əsr əvvəl xalqımıza qarşı törədilən vəhşiliklər barədə məlumat verilib.

Yay məktəbinin çərçivəsində ATMU-nun kitabxana və informasiya mərkəzində almaniyalı professor tərəfindən təlimlər də təşkil olunub.

Təlimlərdə ATMU-nun elm və inkişaf məsələləri üzrə prorektoru Anar Eminov bildirib ki, təmsil etdiyi universitet aparılacaq tədqiqatların ən yüksək səviyyədə təşkili üçün dəstəyini əsirgəməyəcək.

Diqqətə çatdırılıb ki, tədqiqat avqustun 29-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.