MƏDƏNİYYƏT
Əməkdar memar Nəriman Əliyevin “Baqan-Bakı” kitabının təqdimatı olub
Bakı, 6 dekabr, AZƏRTAC
Dekabrın 6-da Memarlar İttifaqında Əməkdar memar Nəriman Əliyevin “Baqan-Bakı” (Bakının dünəni və bu günü) kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Memarlar İttifaqının üzvü Erkin Ələsgərov və başqaları çıxış edərək Nəriman Əliyevin memarlıq sənətinin inkişafındakı xidmətlərindən danışıblar.
Bildirilib ki, “Memarlıq və şəhərsalma tariximizdə Heydər Əliyev dövrü” sərlövhəli yazı ilə başlayan kitabda XX əsrin 70-80-ci illərində Azərbaycanın iqtisadi və sosial həyatının bütün sahələri kimi şəhərsalma və memarlığın da yüksək templə inkişaf etdiyi və bir sıra memarlıq nümunələrinin yaradıldığı diqqətə çatdırılır. Müəllif “Bakının adı haqqında”, “Şəhərin plan-məkan quruluşu”, “XX əsrin 70-80-ci illərində Bakının inkişaf xüsusiyyətləri və baş planı” və başqa məqalələrində Bakı şəhərinin plan-məkan quruluşu haqqında maraqlı fikirləri əksini tapıb.
Qeyd edilib ki, redaktoru Elşad Qasımov olan nəşr Bakının dünəni, bu günü və 20 Yanvar hadisələrinin 30 illiyinə həsr olunub.
Sonda müəllif çıxış edərək tədbirin təşkilatçıları və iştirakçılarına təşəkkürünü bildirib.