CƏMİYYƏT
Amerika Tiroidologiya Assosiasiyasının yığıncağında Tibb Universitetinin əməkdaşının məruzəsi dinlənilib
Bakı, 7 dekabr, AZƏRTAC
Kanadanın Viktoriya şəhərində Amerika Tiroidologiya Assosiasiyasının növbəti yığıncağı keçirilib. Tədbirdə ölkəmizi Azərbaycan Tibb Universitetinin (ATU) şüa diaqnostikası və şüa terapiyası kafedrasının əməkdaşı Lalə Ağabəyli təmsil edib.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclas çərçivəsində keçirilən poster sessiyasında L.Ağabəylinin “Qalxanabənzər vəzin bədxassəli törəmələrinin aşkar edilməsində ultrasəs elastoqrafiyası və rəngli doppler müayinələrinin rolu” mövzusunda məruzəsi dinlənilib.
Forum çərçivəsində müxtəlif plenar mühazirələrdə və debatlarda iştirak edən L.Ağabəyliyə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, 1927-ci ildən fəaliyyət göstərən Amerika Tiroidologiya Assosiasiyası tiroidologiya sahəsində standartların müəyyən edilməsində nüfuzlu qurumdur. Mütəmadi olaraq hər il keçirilən konfranslarda bütün dünyadan olan tədqiqatçılar iştirak edir. İclaslarda qalxanabənzər vəzin müxtəlif xəstəliklərinin müayinə və müalicə protokolları konsensus yolu ilə qəbul olunur və bütün tiroidoloqlar üçün bu protokollar rəhbər kimi qəbul olunur. Toplantılarda iştirak etmək tiroidologiya sahəsində yeni məlumatlar əldə etməyə və bütün dünyadan olan tədqiqatların nəticələrini bu sahənin mütəxəssisləri ilə bölüşməyə imkan yaradır.