REGİONLAR
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Zaqatala şəhərində vətəndaş qəbulu keçirəcək
Bakı, 9 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov iyulun 14-də Zaqatala şəhərində vətəndaş qəbulu keçirəcək.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbul saat 10:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Zaqatala rayonu ilə yanaşı Balakən və Qax rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.
Qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə qeyd edilən bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılacaq.
Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid müraciətlərə baxılacaq.
Qəbula yazılmaq istəyən vətəndaşlar online olaraq komitənin [email protected] elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105), Əmlak Məsələləri Dövlət Komitəsinin 17 saylı ərazi şöbəsi: (02422) 5-22-52
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı ərazi idarəsi: (02429) 5-21-73.