QAN YADDAŞI
“Ana harayı” abidəsinin yerləşdiyi parkda hazırlıq işləri başa çatıb
Bakı, 25 fevral, AZƏRTAC
Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar paytaxtın Xətai rayonundakı “Ana harayı” abidəsinin yerləşdiyi parkda hazırlıq işləri yekunlaşıb və ziyarətçiləri qəbul etməyə tam hazırdır. Artıq bu gündən minlərlə insan xiyabana axın etməyə başlayıb.
AZƏRTAC xəbər verir ki, minlərlə soydaşımızın ziyarət yerinə çevrilən park və ətrafı milli memarlıq nümunələrini özündə əks etdirən üzlük daşlı məhəccərlərlə əhatə olunub. Rayonun Yusif Səfərov küçəsi və Xocalı prospektində yaşıllıq örtüyü yenilənib, rəngarəng güllər və dekorativ kollar əkilib.
Parkın ərazisini əhatə edən yaşayış binaları və inzibati obyektlərin fasadlarında ümumi sahəsi 1200 kvadratmetr əraziyə Xocalı faciəsini əks etdirən fotobannerlərin quraşdırılması həyata keçirilib. Bununla yanaşı, anım günü ilə bağlı ziyarətçilərin gediş-gəlişini rahat təmin etmək məqsədilə parkın ətrafında da abadlıq işləri görülüb.
İnsanlar soyqırımı qurbanlarını ziyarət etməyi vətəndaşlıq borcu hesab edirlər. Bu məkanı ziyarət edənlər arasında qanlı qətliamın şahidləri, şəhid ailələri, məktəblilər, veteranlar da var. Onlar faciədən 27 il ötməsinə baxmayaraq, 26 fevral gününü eyni ağrı-acı ilə yad edirlər.
Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törədiblər. Həmin kütləvi qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər amansızlıqla qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib.
Hər il dünya azərbaycanlıları və ədaləti uca tutanlar Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edirlər.