CƏMİYYƏT
Antonio Quterreş: Okean bizi nəfəs aldığımız hava və qəbul etdiyimiz qida ilə təmin edir

Bakı, 8 iyun, AZƏRTAC
Okean planet səthinin 70 faizindən çoxunu əhatə edir və Yer kürəsində oksigenin ən azı 50 faizi onun payına düşür. O, həmçinin milyardlarla insanın həyat fəaliyyətini birbaşa dəstəkləyir və iqtisadiyyatda ən mühüm rol oynayır: 2030-cu ilə qədər okeanla bağlı sahələrdə 40 milyona yaxın insan işlə təmin olunacaq. Bununla belə, okeanlarda 200 minə yaxın identifikasiya edilmiş heyvan və bitki növü yaşayır, halbuki real rəqəmlər milyonlar təşkil edə bilər.
“Okean – həyatın əsasıdır və bizi nəfəs aldığımız hava və qəbul etdiyimiz qida ilə təmin edir, iqlim və hava şəraitini tənzimləyir. Okean – planetimizin biomüxtəlifliyinin ən əhəmiyyətli rezervuarıdır”. AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş Ümumdünya Okeanlar Günü münasibətilə deyib.
Buna baxmayaraq, bu gün bəşəriyyət okeanın ən qatı düşməninə çevrilib. Bu günə olan məlumata görə, böyük balıq populyasiyasının təxminən 90 faizi tükənib və mərcan riflərinin 50 faizi məhv edilib. Hər gün okeanlara 2 min zibildaşıyan maşın həcmində plastik tullantılar atılır. “İnsan fəaliyyətinin səbəb olduğu iqlim dəyişməsi planetimizdə temperaturun artmasına gətirib çıxarır, qəti şəkildə hava şəraiti və okean cərəyanlarına təsir edir, bundan başqa dəniz ekosistemləri və orada yaşayan növlərin normal həyat tərzini pozur”, – deyə BMT rəhbəri qeyd edib.
BMT xəbərdarlıq edir ki, həddindən artıq çox həcmdə balığın ovlanması, resursların amansız istismarı və okeanın turşulaşması dəniz biomüxtəlifliyini təhdid edir. Sahilyanı sular kimyəvi maddələr və insan fəaliyyəti nəticəsində əmələ gələn tullantılarla çirkləndirilir.
Buna baxmayaraq, Ümumdünya Okeanlar Günündə BMT bəzi müsbət irəliləyişlər barədə də xatırladır. 2022-ci ildə ölkələr 2030-cu ilə qədər quru və sahilyanı və dəniz sahələrinin 30 faizinin qorunub saxlanılması və idarə olunmasına dair miqyaslı qlobal məqsəd barədə razılığa gəlib, eləcə də balıqçılığın subsidiyalaşdırılması barədə mühüm Sazişi təsdiq ediblər.
Lissabonda keçirilmiş BMT-nin Okean Konfransında dünya birliyi okeanla bağlı daha konstruktiv hərəkətlərə nail olunmaqda razılığa gəliblər.
Hazırda məcburi hüquqi qüvvəyə malik olan və ətraf mühitin plastik tullantılarla çirkləndirilməsinə son qoymaq məqsədi daşıyan beynəlxalq müqavilənin bağlanması barədə danışıqlar aparılır. “Bundan başqa, mart ayında ölkələr milli yurisdiksiyadan kənar ərazilərdə dəniz bioloji müxtəlifliyinin qorunmasına və davamlı istifadəsinə yönəlmiş açıq dəniz haqqında tarixi müqaviləni razılaşdırıblar”, – deyə BMT-nin Baş katibi bildirib.
“Bu təşəbbüslərin əsasını təşkil edən çox böyük potensialın realizə edilməsi kollektiv öhdəliklər tələb edir”, – deyə o əlavə edib.
BMT vurğulayır ki, hazırda okean resurslarının qorunması və davamlı istifadəsi üzrə 14-cü Dayanıqlı İnkişaf Hədəfinə nail olmaq prosesində həlledici mərhələdir. BMT rəhbəri çıxışının sonunda deyib: “Ümumdünya Okeanlar Günündə mən hər kəsi bundan sonra da bu istiqamətdə fəal hərəkətlərə nail olmağa çağırıram. Gəlin, təkcə bu gün deyil, ümumiyyətlə hər gün okeana prioritet diqqət yetirək”.