SİYASƏT
“Ər-Riyad” qəzeti: “Azərbaycan: Mübarizənin, quruculuğun və inkişafın 25 illiyi”
Ər-Riyad, 19 oktyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanı Krallığında fəaliyyət göstərən “Ər-Riyad” qəzetində “Azərbaycan: Mübarizənin, quruculuğun və inkişafın 25 illiyi” sərlövhəli məqalə dərc olunub.
Qəzetin beynəlxalq əlaqələr departamentinin hazırladığı məqalədə Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümü münasibətilə Bakıdakı Heydər Əliyev Mərkəzində rəsmi qəbulun təşkil edilməsi və tədbirdə Prezident İlham Əliyevin iştirakı barədə məlumat verilir, Azərbaycanın müsəlman Şərqində ilk demokratik respublika olduğu vurğulanır.
Məqalədə Prezident İlham Əliyevə istinadən Azərbaycanda siyasi sabitliyin və təhlükəsizliyin hökm sürdüyü, ölkə ərazisinin 20 faizinin işğal olunmasının iqtisadi inkişafa zərər vurduğu diqqətə çatdırılır.
Məqalədə Ermənistanın silahlı bölmələri tərəfindən torpaqlarımızın bir hissəsinin işğal olunduğu, buna baxmayaraq Azərbaycanın qısa zaman ərzində qüdrətli dövlətə çevrildiyi qeyd edilir. Son illərdə Azərbaycanda bir sıra beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi vurğulanan yazıda Azərbaycanın dünya turizm xəritəsində öz yerini tutduğu diqqətə çatdırılır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ər-Riyad