ELM VƏ TƏHSİL
Aşqarlar Kimyası İnstitutu doktorantura və dissertanturaya qəbul elan edib
Bakı, 14 sentyabr, AZƏRTAC
AMEA-nın Aşqarlar Kimyası İnstitutu fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi müəssisəyə fəlsəfə hazırlığı üzrə doktoranturaya 6, dissertanturaya 2 yer, elmlər doktoru hazırlığı üzrə doktoranturaya 2, dissertanturaya isə 1 yer ayrılıb.
Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya sənədlər sentyabrın 14-dən oktyabrın 7-dək hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 16:30-dək qəbul ediləcək.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan (tibbi təhsildə həkim-mütəxəssis) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər xarici dildən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində imtahan verməlidirlər.
Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılırlar.
Fəlsəfədən məqbul alan şəxslər ixtisas imtahanı verə biləcəklər.
Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan (tibbi təhsildə həkim-mütəxəssis), müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan, azı iki il elmi və elmi-pedaqoji iş stajına malik elmi və elmi-pedaqoji kadrlar sənəd təqdim edə bilərlər. Dissertantlıq yolu ilə təhsil müddətini başa vuran şəxslər eyni ixtisas üzrə təkrar dissertant ola bilməzlər.
Doktoranturada tam təhsil müddətini başa vurmuş şəxslər eyni ixtisas üzrə dissertantlıq yolu ilə təhsil ala bilməzlər.
Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən şəxslər xarici dildən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində imtahan verməlidirlər.
Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağı bacaran və fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.
Dissertantlıq yolu ilə elmlər doktoru elmi dərəcəsi almaq üçün fəlsəfə doktoru elmi dərəcəsinin olması əsas şərtdir.