SİYASƏT
Astanada XII Avrasiya Media Forumunun panel iclasları keçirilmişdir VİDEO
Astana, 25 aprel (AZƏRTAC, Kifayət Əliyeva, İlahə Əhmədova). Qazaxıstan Respublikasının paytaxtı Astanada keçirilən XII Avrasiya Media Forumu (AAMF) aprelin 25-də işini panel iclasları ilə davam etdirmişdir.
İclaslarda dünyanın bir çox ölkələrindən olan ictimai-siyasi xadimlər, iqtisadçılar, ekspertlər, tanınmış jurnalistlər, beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər.
Rusiyanın “Birinci kanal” televiziyasının aparıcısı Maksim Şevçenkonun sədrliyi ilə keçirilmiş ilk panel iclası “Avropa Şərqə doğru gedir” mövzusuna həsr olunmuşdur. İclasda Kanadanın Rusiya Federasiyasındakı keçmiş səfiri Ceremi Kinsman, Rusiyanın “Exo Moskvı” radiostansiyasının baş redaktorunun müavini Vladimir Varfolomeyev, Serbiyanın Avratlantik Araşdırmalar Mərkəzinin direktoru xanım Yelena Miliç, NATO baş katibinin sabiq müavini Alessandro Minuto-Rissi, MDB Ölkələri İnstitutunun direktoru Konstantin Zatulin iştirak etmişlər. Bu paneldə Ukraynadakı böhranla bağlı geniş müzakirələr aparılmışdır.
Daha sonra forum işini “Avrasiya inteqrasiyası” mövzusunda panel iclası ilə davam etdirmişdir. “RBK” telekanalının aparıcısı Daniil Babiçin sədrlik etdiyi bu paneldə aparılan müzakirələrdə Rusiyanın “EvraAZES” İnstitutunun direktoru Vladimir Lepexin, azərbaycanlı politoloq Tofiq Abbasov, Türkiyənin “Anadolu” xəbər agentliyi beynəlxalq əlaqələr şöbəsinin müdiri Faruk Çalışkan, Böyük Britaniyanın Jurnalist Araşdırmaları Məktəbinin direktoru Şahidə Tulyaqanova iştirak etmişlər.
Forumun “İmic hər şey deməkdir!” mövzusunda üçüncü panel iclasına “Əl-Cəzirə” telekanalının aparıcısı Adrian Finniqan sədrlik etmişdir. İclasda ABŞ, Böyük Britaniya və Qazaxıstandan olan iqtisadçılar, ekspertlər, siyasi məsləhətçilər və jurnalistlər mövzu ətrafında geniş fikir mübadiləsi aparmışlar.
“Cazibədar “modus vivendi” mövzusunda sonuncu panel iclası Böyük Britaniyanın “Tomson Reyter” agentliyinin videoistehsalın qlobal inkişafı üzrə direktoru Tim Senthauzun sədrliyi ilə keçirilmişdir. İclasda internetin və sosial şəbəkələrin cəmiyyətdəki rolu məsələsi müzakirə olunmuşdur.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana