REGİONLAR
Astarada İyul şəhidlərinin xatirəsinə həsr olunmuş videoçarxların təqdimatı keçirilib
Astara, 6 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Astara Rayon Heydər Əliyev Mərkəzində Rayon Gənclər və İdman İdarəsi, Astara Pedaqoji Kolleci, Astara şəhər 1 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla İyul döyüşlərində şəhid olmuş döyüşçülərin xatirəsinə həsr edilmiş videoçarxların təqdimatı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqə sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirdə İyul döyüşləri qəhrəmanlarının həyatına həsr olunmuş gənclərin ifasında vətənpərvərlik mövzusunda iki, rayonda könüllü gənclərin fəaliyyətini əks etdirən bir və Heydər Əliyev Mərkəzinin vətənpərvərlik sahəsində həyata keçirdiyi tədbirlərə dair 2 videoçarx nümayiş olunub.
Çıxış edənlər iyulun 13-dən 14-nə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində ermənilərin törətdiyi təxribata cavab olaraq Milli Ordunun əsgər və zabitlərinin igidliyindən, qəhrəmanlığından danışıblar.
Astara Rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov videoçarxların hazırlanmasında əməyi olan könüllü gənclər Nurlan Rzazadə, Səddam Abbaszadə və Jalə Fəttayevaya idarənin diplomlarını təqdim edib.