REGİONLAR
Astaranın nümayəndə heyəti Türkiyədə bələdiyyə sədrləri forumunda iştirak edib
Astara, 26 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Oktyabrın 20-23-də Türkiyənin Antalya Böyükşəhər Bələdiyyəsi və Dünya Vətəndaşlıq Təşkilatının (WCO) birgə təşkilatçılığı ilə keçirilən XIII İpək Yolu Bələdiyyə Sədrləri Forumunda Astara rayonunun nümayəndə heyəti də iştirak edib.
Nümayəndə heyətinin üzvü, rayon icra hakimiyyəti başçısının müavini İlqar Malıyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin başçılıq etdiyi nümayəndə heyəti Astara ilə yanaşı, Bakı və Gəncə şəhərlərini də təmsil edirdi.
Türkiyənin hökumət nümayəndələrinin, İpək Yolu üzərində yerləşən 32 dövlətin 67 şəhərinin rəhbərlərinin və bələdiyyə sədrlərinin iştirak etdiyi tədbirdə şəhər xidmətləri, şəhərlərarası diplomatiya, turizm, qloballaşma və 6E (iqtisadiyyat, təhsil, ətraf mühit, etika, mühəndislik, əyləncə) mövzularında müzakirələr aparılıb, görüşlər keçirilib.
Şəhərlərin ətraf mühitinin qorunması, davamlı iqtisadiyyat və xalqyönümlü inkişaf forumun əsas məqsədlərindən biri olub.
Forum çərçivəsində Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev bir sıra işgüzar görüşlər keçirib.
Növbəti forumun İslamabadda keçirilməsi qərara alınıb.
Antalya Böyükşəhər Bələdiyyəsinin sədri Menderes Türel, Özbəkistanın Səmərqənd və Buxara, Qırğızıstanın Uş, Çernoqoriyanın Kotor, Monteneqronun Budva şəhərlərinin başçıları və bələdiyyə sədrləri ilə görüşlərdə Q.Ağayev son illərdə ölkəmizdəki dinamik inkişaf və Astara rayonunda aparılan geniş abadlıq-quruculuq işləri, icra edilmiş irimiqyaslı layihələr, rayonun iqtisadiyyatı, turizm potensialı barədə ətraflı məlumat verib, investorların cəlb edilməsi istiqamətində fikir mübadiləsi aparıb.
Antalya Böyükşəhər Bələdiyyəsinin sədri Menderes Türel qarşılıqlı əlaqələrin genişləndirilməsi məqsədilə əməli tədbirlərin görüləcəyini bildirib.