CƏMİYYƏT
Atəşfəşanlığa nəzarət Çinin şəhərlərində havanın çirklənməsini azaldıb
Bakı, 6 fevral, AZƏRTAC
Ay təqviminə görə qeyd olunan Yeni il şənliklərində atəşfəşanlığa ciddi nəzarət olunması Çinin şəhərlərində havanın çirklənməsini azaldıb.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, Çinin Ekologiya və Ətraf Mühit Nazirliyinin məlumatına görə, ölkənin 338 şəhərində RM2,5 hissəciklərinin orta konsentrasiyası son iki gündə keçirilən bayram şənlikləri zamanı ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,2 faiz azalıb. Orta göstəricilərlə müqayisəli götürdükdə, son üç ildə havanın çirklənməsinə səbəb olan bu konsentrasiya 31,9 faiz aşağı düşüb.
Bayram tətillərinin olduğu bazar ertəsi və çərşənbə axşamı günlərində hava çirkliliyi ilə qarşılaşan şəhərlərin sayı 12-yə düşüb ki, bu da ötən ilin müvafiq dövrü ilə, həmçinin son üç illə müqayisədə 53 say azdır.
Paytaxt Pekində baram günlərində hava çirkliliyi əhəmiyyətli dərəcədə azalıb. Bunun səbəbi mərkəzi dairəvi avtomobil yolunun hüdudlarında atəşfəşanlığa ciddi nəzarət olunmasıdır. Əldə olunmuş nəticələrə baxmayaraq, Ekologiya və Ətraf Mühit Nazirliyi vurğulayıb ki, pirotexnikanın ətraf mühitə zərərli təsirini nəzərdən qaçırmaq olmaz. Belə ki, bayram günlərində 70 şəhərdə hava çirkliliyi müşahidə olunub.