İDMAN
“Avro-2020”: Azərbaycan milli komandası “E” qrupunda yer alıb YENİLƏNİB
Bakı, 2 dekabr, Nicat Məmmədov, AZƏRTAC
Dekabrın 2-də İrlandiyanın paytaxtı Dublindəki Konvensiya Mərkəzində 2020-ci il futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilir.
AZƏRTAC xəbər verir ki, püşkatma mərasimində Azərbaycan milli komandası “E” qrupda mübarizə aparacaq. Həmin qrupda millimizin rəqibləri Xorvatiya, Uels, Slovakiya və Macarıstan seçmələri olacaq.
15:00
Dekabrın 2-də İrlandiyanın paytaxtı Dublindəki Konvensiya Mərkəzində 2020-ci il futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilir.
AZƏRTAC xəbər verir ki, püşkatma mərasimində Azərbaycan milli komandasının hansı qrupda oynayacağı və rəqibləri müəyyənləşəcək.
UEFA-ya üzv olan 55 ölkənin yığma komandaları qitə futbol qurumunun reytinqində yer aldıqları mövqeyə uyğun olaraq 7 səbətə bölünüblər. Avropa çempionatının seçmə mərhələsində ilk 5 qrupda altı, sonrakı 5 qrupda beş komanda mübarizə aparacaq. Hər qrupdan ilk iki yeri tutan yığmalar final mərhələsinə yüksələcək.
Püşkatma komandaların səbəti aşağıdakılardı:
I səbət: Portuqaliya, İsveçrə, Hollandiya, İngiltərə, Belçika, Fransa, İspaniya, İtaliya, Xorvatiya, Polşa.
II səbət: Ukrayna, Almaniya, İslandiya, Bosniya və Herseqovina, Danimarka, İsveç, Rusiya, Avstriya, Uels, Çexiya.
III səbət: Slovakiya, Türkiyə, İrlandiya, Şimali İrlandiya, Şotlandiya, Norveç, Serbiya, Finlandiya, Bolqarıstan, İsrail
IV səbət: Macarıstan, Rumıniya, Yunanıstan, Albaniya, Monteneqro, Kipr, Estoniya, Sloveniya, Litva, Gürcüstan
V səbət: Makedoniya, Kosovo, Belarus, Lüksemburq, Ermənistan, AZƏRBAYCAN, Qazaxıstan, Moldova, Cəbəlüttariq, Farer Adaları
VI səbət: Latviya, Lixtenşteyn, Andorra, Malta, San-Marino
Tədbirdə AFFA geniş heyətlə təmsil olunur. Mərasimə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, baş katib Elxan Məmmədov, Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov, baş katibin müavini Sərxan Hacıyev, AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla, AFFA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, “Avro-2020”nin final mərhələsinin Bakıda keçiriləcək oyunları üzrə Əməliyyat Qrupunun layihə əlaqələndiricisi Könül Mehtiyeva və AFFA-nın infrastruktur direktoru, “Avro-2020”nin Bakıda təşkil olunacaq final qarşılaşmasının layihə əlaqələndiricisinin müavini Kamran Vəliyev qatılıb.
Qeyd edək ki, 2020-ci il iyunun 12-dən iyulun 12-dək keçiriləcək final mərhələsinə Azərbaycan, İngiltərə, Macarıstan, Almaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Rumıniya və Şotlandiya ev sahibliyi edəcək.
Bakı Olimpiya Stadionunda qrup mərhələsinin üç, 1/4 final mərhələsinin isə bir oyunu keçiriləcək.
Püşkatma mərasimi “CBC Sport” kanalında canlı yayımlanır.