ELM VƏ TƏHSİL
“Avropa ali təhsil məkanında tanınma” mövzusunda onlayn konfrans təşkil olunub
Bakı, 10 iyun, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) tanınma üzrə ekspert qrupu “Avropa ali təhsil məkanında tanınma” mövzusunda onlayn konfransda iştirak edib.
TKTA-dan AZƏRTAC-a bildirilib ki, konfransın birinci hissəsi Avropa ali təhsil məkanında (AATM) şəffaf tanınma prosedurları ilə bağlı tanınma üzrə məsul ekspertlərdən və maraqlı tərəflərdən ibarət panel müzakirələrindən, ikinci hissəsi isə təcrübə mübadiləsindən, həmçinin Bolonya prosesi çərçivəsində həyata keçirilən oxşar layihələrin müzakirəsindən ibarət olub.
Konfransda Lissabon Tanınma Konvensiyasının əsas prinsipləri, kvalifikasiyaların tanınması ilə bağlı ali təhsil müəssisələri arasında məlumat mübadiləsi, keyfiyyətli təhsil, təhsildə şəffaflıq, həmçinin nəzəriyyədə və praktikada əhəmiyyətli fərqlərin tətbiqindən bəhs olunub. AATM-də tələbələr üçün kvalifikasiyaların akademik tanınması ilə bağlı qızıl qaydalar iştirakçıların diqqətinə çatdırılıb.
Qaçqın və məcburi köçkünlərin əldə etdiyi kvalifikasiyaların tanınması prosesində şəffaf və ədalətli tanınmanın tətbiq olunması ilə bağlı həm ali təhsil müəssisələrinin, həm də milli məlumat mərkəzlərinin nümayəndələri öz mövqelərini diqqətə çatdırıblar.
TKTA-nın tanınma üzrə ekspert qrupu onlayn konfransdan faydalı məlumatlar əldə etməklə yanaşı, müzakirələrdə aktiv iştirak edərək, Avropa ölkələrinin təcrübəsi ilə yaxından tanış olub.