MƏDƏNİYYƏT
Avropanın termal xəritəsinin təqdimatı keçirilib
Bakı, 31 may, AZƏRTAC
Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası (EHTTA) Baş Assambleyasının “Qalaaltı” kurortunda keçirilən “Termal şəhərlər” beynəlxalq mədəni marşrutunun növbəti konfransı çərçivəsində Avropanın termal xəritəsinin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, assosiasiyanın elmi komitəsinin prezidenti Mario Kresente çıxış edərək Avropanın termal şəhərləri, bu şəhərlərdə turizmin inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlər, eləcə də EHTTA-nın fəaliyyəti haqqında danışıb. Roma imperiyası dövrünə aid xəritəni nümayiş etdirən mütəxəssis bildirib ki, bu xəritə üzərində termal mənbələri olan şəhərlər öz əksini tapıb: “Bu tarixi xəritədə Azərbaycanın yerləşdiyi ərazi də təsvir olunub. Xəritənin prototipini 2016-cı ildə yaratmışıq və bu təsvirlərin hazırlanmasında tarixçilər və arxeoloqlar yaxından iştirak ediblər”.
Tibbi turizmin inkişafından danışan M.Kresente ildən-ilə insanların bu turizm növünə marağının artdığını söyləyib: “Avropanın müxtəlif ərazilərində minerallarla zəngin termal qaynaqlar var. Bu termal su mənbələri qədim zamanlardan insanlar tərəfindən istifadə olunub. Eləcə də bu resursların istifadə olunması və faydaları haqqında müxtəlif mənbələrdə məlumatlara rast gəlirik. İndi isə bu termal sulardan daha geniş istifadə edilməsi üçün müasir infrastruktur yaradılır, müalicə imkanları genişlənir. Bu da, təbii ki, turistləri daha çox cəlb edir. Hazırda dünyada 150-dək termal şəhər mövcuddur”. Tədbir təqdimat ətrafında müzakirələrlə davam edib.
Sonda beynəlxalq tədbirin iştirakçıları “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksi ilə tanış olublar.