ELM VƏ TƏHSİL
“AzScienceNet” şəbəkəsinin fəaliyyəti genişləndirilir
Bakı, 13 iyul, AZƏRTAC
Azərbaycanın bütün elm və təhsil şəbəkələrini təmsil edən “AzScienceNet” elm-kompüter şəbəkəsinin əsasnaməsi hazırlanıb.
Bu barədə AZƏRTAC-a AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov məlumat verib. O bildirib ki, əsasnamə institutun Elmi şurasının 2020-ci il 5 iyun tarixli iclasının müvafiq qərarına əsasən hazırlanıb.
R.Ələkbərov “AzScienceNet” şəbəkəsinin əsas məqsədinin elmi tədqiqat və təhsil sahələrinə, texnoloji və innovativ xarakterli tətbiqi işlərə dəstək verməkdən ibarət olduğunu söyləyib. O, qarşıya qoyulan məqsədlərə çatmaq üçün texnoloji inkişaf və fəaliyyət planlarının hazırlanması, onların maliyyə və maddi-texniki təminatı üçün tədbirlərin görülməsi, AMEA-nın institut və təşkilatlarının internet və şəbəkə xidmətləri ilə təmin edilməsi, eləcə də elm və təhsil sahələrində beynəlxalq əməkdaşlığın həyata keçirilməsinin əsas vəzifələrdən olduğunu vurğulayıb.
Direktor müavininin sözlərinə görə, dövlətin elm və təhsil siyasətinin texnoloji aspektlərini formalaşdırmaq üçün proqnozların hazırlanması, əməkdaşların xaricə göndərilməsi, həmçinin xarici alim və mütəxəssislərin ölkəyə dəvət olunması, əməkdaşların, o cümlədən gənc mütəxəssislərin ixtisas səviyyəsinin yüksəldilməsi də perspektivdə görüləcək işlər sırasındadır.