MƏDƏNİYYƏT


Azər Paşa Nemətov: Ulu öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı xalqımızın təkidli tələbi idi

Bakı, 13 iyun, AZƏRTAC

Ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın həyatına qızıl hərflərlə yazılıb.

Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov deyib.

O bildirib ki, bu qayıdışla təkcə ictimai-siyasi, iqtisadi həyatda, beynəlxalq əlaqələrdə deyil, mədəni həyatın bütün sferalarında da əsaslı dönüş yarandı: “Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı xalqımızın təkidli tələbi idi. Azərbaycanı bizim şahidi olduğumuz bəlalardan, taleyin sərt sınağından yalnız Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev iradəsi xilas edə bilərdi. Biz məhz bu qayıdışdan sonra ölkənin həyatındakı köklü dəyişikliklərin şahidi olduq. Ümummilli lider Heydər Əliyev bütün sahələrə, o cümlədən mədəniyyət sahəsinə çox böyük qayğı və diqqətlə yanaşıb. O, Azərbaycan teatr xadimlərinin böyük dostu olub, hər zaman onların qayğısına qalıb. Heydər Əliyev teatr premyeralarında şəxsən iştirak edib, səhnə əsərləri haqqında öz fikirlərini bölüşüb, sənətkarların daha gözəl obrazlar yaratması üçün onlara hər cür köməkliyi göstərib. Heydər Əliyev deyirdi ki, teatr müqəddəs yerdir, insanların mənəvi cəhətdən formalaşmasında teatr həmişə çox böyük rol oynayıb. Ulu Öndər teatr sahəsində çalışan insanları fədakar insanlar adlandırırdı. Məhz bu fakt göstərir ki, Ümummilli Liderimiz sənət xadimlərini nə qədər yüksək dəyərləndirirdi”.

Azər Paşa Nemətov əlavə edib ki, Heydər Əliyev teatrların maddi-texniki bazasının möhkəmlənməsi və teatr siyasətinin geniş vüsət alması üçün misilsiz xidmətlər göstərib. Onun sözlərinə görə, mədəniyyət və incəsənət nümayəndələri mütəmadi olaraq Ulu Öndər tərəfindən fəxri adlara, yüksək mükafatlara layiq görülüblər və bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.