İQTİSADİYYAT
Azərbaycan Beynəlxalq “Qida sənayesi” sərgisi keçiriləcəkdir
Bakı, 5 may (AZƏRTAC). Mayın 22-dən 24-dək Bakı Sərgi Mərkəzində “WorldFood Azerbaijan-2013” Azərbaycan Beynəlxalq “Qida sənayesi” sərgisi keçiriləcəkdir.
“İteca Caspian” şirkətindən AZƏRTAC-a bildirmişlər ki, artıq 19-cu ildir ki keçirilən “WorldFood Azerbaijan” sərgisi Xəzəryanı regionda qida sənayesinin ən böyük tədbiri kimi öz mövqeyini tam möhkəmləndirmişdir. Keçirildiyi uzun illər ərzində “WorldFood Azerbaijan” sərgisi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, habelə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” MMC və “ITE Group plc” şirkətləri çıxış edirlər.
Bu il sərgidə dünyanın 26 ölkəsindən 100-dən çox şirkət iştirak edəcəkdir. Onların arasında Rusiya, Belarus, Polşa, Almaniya, Çexiya, Hollandiya, Latviya, Türkiyə, İtaliya və İspaniya kimi ölkələr yer alırlar. Bu il ilk dəfə olaraq Latviya, Moldova, Belçika və İran milli ekspozisiyaları ilə çıxış edəcəklər. Eksponentlərin ümumi sayının 60 faizini debütantlar təşkil edir. Sərginin ümumi ekspozisiyasının 40 faizini təşkil edən Azərbaycan şirkətləri də sərgidə fəal iştirak edəcəklər.
Ekspozisiya qida məhsullarının təqdim olunması baxımından mühüm marketinq funksiyasını yerinə yetirməklə yanaşı, həm də innovasiyalı məhsulların nümayişi və onlarla tanışlıq üçün platforma hesab olunur. Belə ki, bu il sərgidə ziyarətçiləri aparıcı istehsalçılar, məşhur brendlərin distribütorları, habelə yeni məhsulları ilə tanış olacaqlar. “WorldFood Azerbaijan” sərgisi mövzu ilə bağlı bir neçə ekspozisiyanı özündə birləşdirir - qida sənayesi, içkilər və texnologiyalar. Sərgidə ət, konservləşdirilmiş məhsullar, inqrediyentlər, çay, meyvə və tərəvəz, qənnadı məmulatları və içkilərdən ibarət stendlər təqdim olunacaqdır.
Həmin tarixlərdə keçirilməsi planlaşdırılan “Ipack Caspian-2013” Xəzər Beynəlxalq “Qablaşdırma, tara, etiket və poliqrafiya” sərgisində müxtəlif sənaye sahələri üçün qablaşdırmanın istehsalı və tərtibatı üçün avadanlıq, qablaşdırma materialları, tara və hazır qablaşdırmalar təqdim olunacaqdır. Bu il kənd təsərrüfatı sahəsində çalışan həm yerli, həm də əcnəbi şirkətlər “WorldFood Azerbaijan” sərgisi ilə paralel keçirilən “Agrihort Azerbaijan-2013” 7-ci Azərbaycan Beynəlxalq “Kənd təsərrüfatı” sərgisinə də böyük maraq göstərirlər. Belə ki, sərgidə Ukrayna, Almaniya, Rusiya, Fransa, İtaliya, İspaniya və Hollandiyadan şirkətlər təmsil olunacaqlar. Açıq meydançada isə ziyarətçilərin diqqətinə kənd təsərrüfatı texnikası təqdim olunacaqdır.
Beləliklə, qida sənayesi mütəxəssislərinin illik görüşü üçün etibarlı platforma hesab olunan “WorldFood Azerbaijan” sərgisi qida məhsulları çeşidini artırmaqla yanaşı, beynəlxalq əməkdaşlığın qurulmasına, o cümlədən dünya ərzaq bazarında Azərbaycan məhsullarının rəqabətə davamlılığının artırılmasına şərait yaradacaqdır.