İQTİSADİYYAT
“Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndələri Latviyada səfərdədir
Riqa, 11 yanvar, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndələri Latviyada səfərdədir. QSC-nin İnstitusional islahatlar şöbəsinin müdiri Azad Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti Latviyada həyata keçirilən dəmir yollarının işgüzar dəyişiklik və inkişaf layihələri ilə bağlı bu ölkənin təcrübəsi ilə tanış olur.
AZƏRTAC xəbər verir ki, azərbaycanlı mütəxəssislər ən mühüm layihələrdən biri olan dəmir yolu şəbəkəsinin elektronlaşdırılması, dəmir yolu infrastrukturunun modernləşdirilməsi və Latviya Dəmir Yolu İdarəsinin (LDz) təqdimat xidmətlərinin rəqəmsallaşdırılması layihələri ilə tanış olublar. Bildirilib ki, müştərilərə göstərilən xidmətin yaxşılaşdırılması məqsədilə elektron ödəmə sistemi layihəsini həyata keçirmək üçün işlər aparılır. Nəticədə yüklərin daşınması üçün qarşılıqlı ödənişlər elektron olaraq həyata keçiriləcək, bu da həm müştərilərin, həm də yükdaşıyıcılarının işini asanlaşdıracaq.
Latviyalı həmkarları ilə görüşdə Azad Hüseynov bildirib ki, Azərbaycanda yükdaşımalarının 70 faizi avtomobillərlə həyata keçirilir. Bunun səbəblərindən biri yol-nəqliyyat infrastrukturunun dövlət yardımı nəticəsində mükəmməl səviyyədə olmasıdır. A.Hüseynov Azərbaycanda dəmir yolu infrastrukturunun modernləşdirilməsi istiqamətində aparılan işlər, Azərbaycanda bu sahədə həyata keçirilən və nəzərdə tutulan layihələr barədə də məlumat verib.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa