MƏDƏNİYYƏT
Azərbaycan Dövlət Rus Dram Teatrı premyeraya hazırlaşır
Bakı, 24 sentyabr, AZƏRTAC
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru, Xalq Artisti Aleksandr Şarovski Yelena Poddubnayanın “Yağış isə elə hey yağır” əsəri əsasında yeni tamaşa üzərində işləyir.
Rejissor AZƏRTAC-a müsahibəsində bildirib ki, tamaşa şərti olaraq “İngiltərə kraliçası Yelizavetanın faciəli məhəbbəti” adlanır. O, yeni tamaşa barədə düşüncələrini bölüşərək deyib: “Mənim üçün dünyanın, o cümlədən teatr dünyasının mərkəzində həmişə qadın obrazı - ana, qız övladı, ömür-gün yoldaşı, bacı və s. dayanır. Hər halda quruluş verdiyim tamaşalarda çalışıram ki, qadınları həmişə yaxşı cəhətdən təqdim edim. Budur, əlimə məhz bu mövzu ilə səsləşən bir pyes keçib. Düşünürəm ki, təbiətcə daha şəfqətli və sədaqətli olan qadınlar dünyanı yaxşılığa doğru dəyişə bilərlər.
Tamaşanın mərkəzi obrazı İngiltərə kraliçası Yelizavetadır. O, dövləti üçün böhranlı bir vaxtda dilemma qarşısında qalır: İngiltərənin taleyi, yoxsa onun şəxsi həyatı. Nəticədə İngiltərənin mənafeyi onun şəxsi səadətinə qalib gəlir. Əsər melodram janrındadır. Tamaşaya elə quruluş verməyə çalışmışam ki, onun süjeti köhnəlmiş materiala bənzəməsin və müasir səslənsin”.
Tamaşanın quruluşçu rəssamı Aleksandr Fyodorov, geyim üzrə rəssamı Olqa Abbasova, musiqi tərtibatçısı Vladimir Neverovdur. Kraliça Yelizaveta rolunda Əməkdar Artist Natalya Şarovskaya çıxış edir. Qalan rolları Xalq artistləri Məbud Məhərrəmov, Səfa Mirzəhəsənov, habelə Milana Mərdaxanova, Zaur Terequlov, Yaqub Zeynalov, Aleksey Saprıgin, İbrahim Əhmədov, Olqa Arsentyeva, Maqsud Məmmədov oynayırlar.
Tamaşanın premyerası dekabr ayına nəzərdə tutulub.