İQTİSADİYYAT


Azərbaycan İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitində təmsil edilir

Bakı, 9 aprel, AZƏRTAC

Azərbaycan Cenevrədə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkilatçılığı ilə keçirilən İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitində (WSIS-2019) təmsil olunur. Sammitdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndə heyəti iştirak edir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu, informasiya-kommunikasiya texnologiyalarının inkişafı üçün dünyanın illik ən böyük sammitlərindən biridir. İnformasiya Cəmiyyəti üzrə Dünya Sammiti BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə şərait yaradan çoxsaylı maraqlı tərəflərin platformasıdır. Tədbir inkişafda olan informasiya cəmiyyətinin yeni tendensiyalarını müəyyən etmək, informasiya mübadiləsi və qabaqcıl təcrübələrin bölüşdürülməsi baxımından unikal imkanlar yaradır.

Builki sammit “Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunması üçün informasiya-kommunikasiya texnologiyaları” mövzusunda öz işinə başlayıb. Forum bu il 10-cu ildönümünü qeyd edir. Bununla da, artıq illərdir ki, WSIS bütün maraqlı tərəflər üçün “ədalətli və bərabərhüquqlu informasiya cəmiyyəti” platformasını təşkil etməkdədir.

Forum çərçivəsində aprelin 9-dan 10-dək yüksək səviyyəli siyasi sessiyalar keçiriləcək. Hökumət, özəl sektor və ictimai təşkilatların yüksək səviyyəli təmsilçiləri tərəfindən İKT sahəsində yaranmaqda olan tendensiyalar, imkanlar və çağırışlar müzakirə olunacaq. Sammit öz işini aprelin 12-dək davam etdirəcək.

Beynəlxalq Telekommunikasiya İttifaqı, UNESCO, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP), BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) tərəfindən hər il ənənəvi olaraq təşkil olunan sammitdə Nazirlər Toplantısı, digər sessiya və forumlar da keçiriləcək. Sammit çərçivəsində “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti – 2019 Mükafatları” (WSIS Prizes – 2019) da sahiblərinə təqdim olunacaq. Ölkəmiz müsabiqəyə “Made in Azerbaijan” brendi ilə layihələr təqdim edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.