CƏMİYYƏT
Azərbaycan Mətbuat Şurası “Yenilənmiş qeydiyyat” prosesini tamamlayıb
Bakı, 8 dekabr, AZƏRTAC
Azərbaycan Mətbuat Şurasının (MŞ) Avropa Müstəqil Mətbuat Şuraları Alyansında (AIPCE) “Yenilənmiş qeydiyyat” prosesini tamamlayıb.
Mətbuat Şurasından AZƏRTAC-a bildirilib ki, prosesin tamamlanmasından sonra MŞ-nin loqosu və saytının linki AIPCE-nin saytında "Tamhüquqlu üzvlər" kateqoriyasında yerləşdirilib.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, təşkilatın Beynəlxalq Əlaqələr Komissiyasının sədri Müşfiq Ələsgərli bildirib ki, mətbuat şuralarının beynəlxalq koordinasiya mərkəzi olaraq iki qurum fəaliyyət göstərir. Bunlardan biri Ümumdünya Mətbuat Şuraları Assosiasiyası (World Association of Press Councils (WAPC), digəri isə Avropa Müstəqil Mətbuat Şuraları Alyansıdır. Azərbaycan Mətbuat Şurası hər iki qurumla sıx əməkdaşlıq edir. WAPC və AIPCE yenilənən media trendləri fonunda öz fəaliyyətlərini yenidən qururlar. Bu sırada üzvlüklə bağlı standartlarını da yeniləyirlər. Azərbaycan Mətbuat Şurası fəaliyyətini yeni trendlərə uyğun qurduğundan “yenilənmiş qeydiyyat” prosesini də müvəffəqiyyətlə tamamlayıb.