Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri qardaş ölkələrimiz arasında mədəniyyət sahəsində də əlaqələrimizin inkişafında yeni səhifə açdı

Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov AZƏRTAC-a müsahibə verib

Bakı, 24 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 21-22-də Özbəkistan Respublikasına dövlət səfəri dost və qardaş ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığın inkişafında tamamilə yeni səhifə açdı. Dövlətlərimizin başçılarının da vurğuladıqları kimi, ikitərəfli münasibətlərimizdə humanitar, o cümlədən mədəni əlaqələrin inkişaf etdirilməsi xüsusi önəm daşıyır. 2010-cu ildən Daşkənddə fəaliyyətə başlayan, Azərbaycanı, xalqımızın zəngin mədəniyyətini Mərkəzi Asiyada, qardaş Özbəkistanda geniş təbliğ edən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına mühüm töhfələr verməkdədir. Mərkəzin direktoru Samir Abbasov Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələrin inkişafı, Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

- Samir müəllim, əvvəlcə, müsahibəyə görə Sizə təşəkkürümüzü bildiririk. Özbəkistanda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin əsas missiyası barədə fikirlərinizi bilmək maraqlı olardı.

- Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı 2010-cu il sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana səfəri zamanı olub. Mərkəzin rəsmi açılış mərasimində Prezident İlham Əliyev və Özbəkistan Respublikasının ovaxtkı Baş naziri (indiki Prezident) Şavkat Mirziyoyev ediblər.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi ölkələrimiz arasında mədəniyyət, elm, təhsil, turizm, mətbuat sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsidir.

Azərbaycan Mədəniyyət Mərkəzinin həyətində ulu öndər Heydər Əliyevin büstü ucaldılıb. Mərkəzdə 4 muzey (Heydər Əliyev Muzeyi, Azərbaycan tarixi və dövlətçiliyi muzeyi, Azərbaycan-Özbəkistan Dostluq Muzeyi, Azərbaycan xalçaları Muzeyi), “Azərbaycan milli libasları” adlı daimi sərgi salonu, kitabxana, habelə kurs və dərnəklər fəaliyyət göstərir. Xarici ölkələrdə ilk dəfə olaraq 2013-cü ildə Mərkəzin nəzdində Azərbaycan dili kursları fəaliyyətə başlayıb. Kurslar Azərbaycandan dəvət edilmiş tanınmış pedaqoq tərəfindən aparılır.

Ötən illərdə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində özbək dilində Azərbaycan dövlətçiliyi, tarixi, mədəniyyəti, ədəbiyyatı, turizmi, habelə Ermənistanın Azərbaycana təcavüzünə dair 97 adda kitablar çap edilib, musiqi diskləri buraxılıb, Özbəkistanın aparıcı şəhərlərində Azərbaycan mədəniyyəti, musiqisi, ədəbiyyatı günləri keçirilib, hər iki ölkənin alimlərinin, mədəniyyət xadimlərinin, jurnalistlərinin iştirakı ilə yüzlərlə konfrans, seminar, təbliğat və təqdimat layihələri, yubileylər, mediaturlar, dostluq konsertləri keçirilib.

Hər il Mədəniyyət Mərkəzimizin təşkilatçılığı ilə Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri keçirilir. Bu konfranslarda Azərbaycanın məşhur mədəniyyət xadimləri ilə yanaşı, alimlərimiz və ziyalılarımız da iştirak edirlər. Ötən il Qarakalpakıstan Respublikasının Nukus şəhərində, Xarəzm vilayətinin Urgənc və Xivə şəhərlərində Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri keçirilib. Bu il isə Termez şəhərində təntənəli Azərbaycan mədəniyyəti günləri keçirdik ki, bu tədbirlərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Milli Məclisimizin Mədəniyyət komitəsinin rəhbərliyi, çoxsaylı qonaqlar iştirak ediblər.

Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalında Özbəkistanın məşhur “Bahar” rəqs ansamblı iştirak edib. Azərbaycan Dövlət Rəqs Kollektivi isə Xarəzmin Xivə şəhərində keçirilən beynəlxalq rəqs festivalında iştirak edib və qalib gəlib.

İki ildən bir keçirilən “Şərq təranələri” musiqi festivalında Azərbaycan musiqiçiləri, sənətçiləri də iştirak edirlər. Bu festivalın 1997-ci ildə ilk qalibi də Azərbaycan Respublikasının Xalq artisti Simarə İmanova olub. Festivalda Azərbaycanın muğam ustadı Alim Qasımov, Əməkdar artistimiz, tarzən Sahib Paşazadə qran-pri mükafatına layiq görülüblər.

Ötən il Özbəkistanın Xivə şəhərində TÜRKSOY-a üzv ölkələrin mədəniyyət nazirlərinin sessiyasında da iki ölkənin mədəniyyət nazirləri arasında mədəni əlaqələrin daha da genişləndirilməsinə dair görüş və faydalı danışıqlar aparılıb və bu istiqamətdə bir sıra razılıqlar əldə olunub. Bir sözlə, iki dövlət və iki xalq arasında mədəni əməkdaşlıq dərin köklərə malikdir və bu gün dinamik inkişaf edir.

Qeyd etmək istəyirəm ki, Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən dostluq əlaqələrimizi, habelə tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı və ölkəmizin turizm imkanlarını təbliğ etmək məqsədilə Özbəkistanın aparıcı ali məktəblərində Azərbaycan ocaqları yaradılıb. Bu ocaqlar iki xalq arasında dostluğumuzu, mədəniyyət, təhsil müəssisələri arasında əməkdaşlığı geniş təbliğ edirlər. Daşkənddəki Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində, Özbəkistan Dövlət Konservatoriyasında, Səmərqənd Dövlət Universitetində, Özbəkistanın İncəsənət və Mədəniyyət İnstitutunda, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində, Acıniyoz adına Nukus Pedaqoji İnstitutunda və Termez Dövlət Universitetində Azərbaycan ocaqları fəaliyyət göstərir.

- Özbəklərlə azərbaycanlılar iki qardaş xalqdırlar. Ortaq mədəni dəyərlərimiz var. Mərkəz bu mədəni dəyərlərin inkişafı üçün hansı tədbirlər həyata keçirir?

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana tarixi dövlət səfəri qardaş ölkələrimiz və xalqlarımız arasında bütün istiqamətlərlə yanaşı, mədəniyyət sahəsində də əlaqələrimizin inkişafında yeni bir səhifə açdı. Təsadüfi deyil ki, Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev görüşlərdə, eləcə də Azərbaycan Prezidentinin şərəfinə Özbəkistanın Xarəzm bölgəsində verilən konsert zamanı incəsənət ustaları ilə söhbətdə mədəniyyəti bizi birləşdirən əsas dəyər olduğunu qeyd etdilər. Prezidentlərimiz dövlətlərimiz və xalqlarımız arasında birliyə, həmrəyliyə nail olmaq üçün ən əsas amilin mədəniyyət olduğunu dəfələrlə vurğuladılar.

Özbək xalqı Azərbaycan xalqına olduqca yaxındır. Dilimiz, mədəniyyətimiz, adətlərimiz, mətbəximiz bir-birinə çox yaxındır. Kökümüz, dinimiz eynidir və uzun illər biz bir sovet ailəsində yaşamışıq, bundan öncə də azərbaycanlılar daim Türküstanın, Özbəkistanın mədəni həyatında fəal olublar.

Xalqlarımız arasında dostluğun, əlaqələrin tarixi isə orta əsrlərə təsadüf edir. Bu yaxınlıq Nizami Gəncəvi, Əlişir Nəvai və Məhəmməd Füzuli arasındakı ədəbi və dostluq əlaqələrindən başlayır.

Əlişir Nəvai Nizami Gəncəvini ustadı və ilhamvericisi hesab edib, Nizaminin “Xəmsə”sini “Beş xəzinə” deyə şərəfləndirib. Nəvai hər dastanının başlanğıcında Nizamiyə məhəbbət və hörmət əlaməti olaraq xüsusi səhifələr yazıb.

Orta əsrlərdən Azərbaycan və özbək xalqları arasındakı əlaqələrin yüksək səviyyədə olmasının əsas səbəbi onların eyni kökə, ənənələrə, dilə malik olması ilə əsaslandıra bilərik. Nəvai özündən sonra gələn Azərbaycan şairlərinin - Kişvəri, Xətai və Füzulinin və başqalarının yaradıcılığına təsir edib.

Sovet dövründə də bu əlaqələr davam edib, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə Özbəkistanın ovaxtkı rəhbəri Şərəf Rəşidov arasında böyük dostluq münasibətləri olub.

Biz Azərbaycan Mədəniyyət Mərkəzi daim xalqlarımızın malik olduğu ortaq dəyərləri təbliğ edirik. Məsələn, Novruz bayramı, muğam sənəti, aşıq sənəti, milli atüstü oyun (çövkən), el məclisləri və onlarla bu cür dəyərlər, oxşar xüsusiyyətlər xalqlarımızın bir-birinə yaxın olduğunu bir daha göstərir. Daim keçirilən çoxsaylı tədbirlərdə bu dəyərlərimizi təqdim edir və bu istiqamətdə həm tədbirlərdə, həm mətbuatda, həm də görüşlərimizdə, təqdimatlarda iş aparırıq.

Biz, həmçinin Özbəkistanda yaşayıb yaratmış azərbaycanlıların irsini də geniş təbliğ edir, onların xatirəsini əbədiləşdiririk. Məlumat üçün bildirim ki, Özbəkistanda tanınmış azərbaycanlılar Seyid Rza Əlizadə, Maqsud Şeyxzadə, İxtiyar Rza, Eynulla Əliyev, Yusif Hüseynov, Kaykep Aliyevanın yaşadıqları evlərinin üzərində onların barelyefləri açılıb, onların xatirəsinə dair tədbirlər təşkil edilir. Çünki onlar iki xalq arasında dostluq körpüsü olaraq xalqlarımızı bir-birinə daha da yaxınlaşdırıb və bu gün də onların irsi xalqlarımız arasında dostluq körpüsü rolunu oynayır.

Qeyd etmək istəyirəm ki, Mədəniyyət Mərkəzimizdə hazırda yüksək səviyyədə Azərbaycan-Özbəkistan Dostluq Muzeyi təşkil edilir. Bu muzeydə olan əksər eksponatlar, guşələr bizim ortaq dəyərlərimizə həsr edilib. Biz bu il ərzində Dostluq Muzeyinin açılışını planlaşdırırıq.

- Samir müəllim, mədəni əlaqələr arasında turizm sahəsi xüsusi yer tutur. Mərkəz son dərəcə perspektivli və böyük potensialı olan bu sahədə əlaqələrimizin inkişafına nə kimi töhfələr verir?

- Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, burada rəngarəng turlar reallaşdırmaq mümkündür. Ölkəmizdə dəniz, dağ, düzənlik, gözəl göllər, sıx meşələr, təkrarsız təbiət, ekoturizm, ləziz yeməklər, qədim tarix, habelə müasir şəhərləri ziyarət etmək mümkündür. Azərbaycan həm də müalicəvi mərkəzlərlə də şöhrət qazanıb.

Keçirdiyimiz bütün, xüsusilə beynəlxalq tədbirlərdə Azərbaycanın turizm imkanlarını geniş təbliğ edirik. Ölkəmizdə həyata keçirilən nəhəng infrastruktur layihələri, Bakının və regionların turizm potensialı, istirahət mərkəzlərini həm videomateriallarla, həm də fotosərgilərlə geniş təbliğ edirik.

Ölkəmizdə olan özbəklər Azərbaycanın qısa zamanda böyük nailiyyətlər əldə etdiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionlarının da simasının tamamilə dəyişdiyini, bütün bölgələrdə müasir xidmət sahələrinin yaradılmasını, otellərin səviyyəsini yüksək qiymətləndirirlər.

Özbəkistanda keçirilən beynəlxalq sərgi və yarmarkalarda apardığımız monitorinqə əsasən, özbək turistlər əsasən, paytaxt Bakıya, regionlarda isə Naftalan sanatoriyalarına geniş maraq göstərdiyi məlum olub. Bu istiqamətdə ötən illərdə təbliğatı daha da gücləndirdik.

Artıq Naftalandakı turizm mərkəzlərinin təmsilçilərinin verdiyi məlumata görə, son illərdə Özbəkistandan Naftalana gələn özbək turistlərin sayı əhəmiyyətli dərəcədə artıb. Lakin iki ildən çox davam edən pandemiya bu işi yarımçıq qoydu. Turizm sahəsində əlaqələr indi yenidən genişlənməyə başlayıb. Artıq Bakı-Daşkənd reysləri bərpa olunub və həftədə beş dəfə birbaşa reyslər həyata keçirilir. Gələcəkdə reyslərin sayının daha da artırılması gözlənilir. Düşünürəm ki, post-pandemiya dövründə biz təbliğatı yenidən gücləndirmək, reysləri artırmaqla iki ölkə arasında turizm sahəsində yenidən canlanmanı təmin edə bilərik.

Mərkəzimiz təbliğat işini daha səmərəli aparmaq üçün tez–tez Azərbaycanın turizm imkanlarına dair Özbəkistanın aparıcı xəbər saytlarında məqalələr yayımlayır, televiziya kanallarında verilişlər nümayiş etdirilir. Azərbaycan Dövlət Turizm Agentliyi bu istiqamətdə Özbəkistanın Turizm və Mədəni İrs Nazirliyi ilə sıx əməkdaşlıq edir.

Özbəkistan da Azərbaycandan öz ölkəsinə daha çox turist cəlb etməyə çalışır. Regionun aparıcı ölkəsi olan Azərbaycandan hər il xeyli sayda vətəndaşımız turist kimi dünyanın müxtəlif ölkələrinə gedirlər. Biz Azərbaycan vətəndaşlarına həm tarix, həm zəngin mədəniyyət, həm də gözəl təbiəti olan qardaş ölkəni - Özbəkistanı da ziyarət etməyi tövsiyə edirik.

- Özbək mətbuatında Azərbaycanı təbliğ edən materiallara tez-tez rast gəlinir. Bu istiqamətdə görülən işlər barədə məlumat verməyinizi xahiş edirik.

- Qeyd etmək istəyirəm ki, dövlətimizin reallaşdırdığı uğurlu xarici siyasətə uyğun olaraq, biz də ölkəmizin təbliği, Azərbaycan həqiqətlərinin dünyada yayılması məqsədilə fəaliyyətə başladığımız ilk gündən etibarən yerli mətbuatla sıx əməkdaşlıq qurmuşuq və bu məqsədlə çoxsaylı layihələr həyata keçiririk. 2013-cü ildən etibarən hər il ənənəvi olaraq Özbəkistan mətbuat qurumları arasında müsabiqə keçiririk. Belə ki, Azərbaycan, onun tarixi, mədəniyyəti, ədəbiyyatı, turizm potensialı, Qarabağ həqiqətləri, Xocalı soyqırımı, ölkəmizin məruz qaldığı işğalçılıq siyasəti haqqında Özbəkistan mətbuatında yüzlərlə məqalə, televiziya kanallarında çoxsaylı verilişlər yayımlanır, Azərbaycana dair əsərlər tərcümə edilir, kitablar çap olunur.

Hər ilin yekununda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Mərkəzimizdə sözügedən müsabiqəyə yekun vurulur, elan olunmuş müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirilir, Azərbaycana dair ilin ən yaxşı televiziya verilişləri, Azərbaycan, onun tarixi, mədəniyyəti, ədəbiyyatı, turizmi, habelə iki ölkə arasında dostluğumuzu fəal təbliğ edən özbək saytları Azərbaycan Mədəniyyət Mərkəzinin fəxri diplomları, pul mükafatları ilə təltif olunurlar. İlin ən yaxşı tərcümə əsərləri, fəal alimləri, dostluq və əməkdaşlığımızı təbliğ edən ictimaiyyət nümayəndələri, diaspor fəalları da mükafatlandırılırlar. Ənənəvi olaraq müsabiqədə qalib gələn Özbəkistanın aparıcı media qurumlarının, mətbuat nümayəndələrinin Azərbaycana mediaturu təşkil edilir. Nümayəndə heyətində müxtəlif telekanallar, aparıcı xəbər agentlikləri, saytların rəhbərləri və təmsilçiləri, fotomüxbirlər, operatorlar iştirak edirlər.

Vurğulamaq istəyirəm ki, Mərkəzimizin Azərbaycanın müvafiq qurumları, habelə səfirliyimizin dəstəyi ilə reallaşdırdığı bu layihə -mediaturun faydalı və uğurlu nəticələri olur, özbək mətbuatında ölkəmizə dair çoxsaylı verilişlər və məqalələr yayımlanır.

Artıq biz pandemiyadan sonra 2021-ci ildə özbək jurnalistlərin Azərbaycana mediaturunu təşkil etmişik. Ötən müddət ərzində üç dəfə qardaş ölkənin jurnalistlərinin Ermənistan işğalından azad olunan bölgələrimizə - Şuşaya və Füzuli rayonuna mediaturunu təşkil etmişik. Bu iş tərəfimizdən davam etdirilir.

- Bir vaxtlar Azərbaycanın mədəniyyət xadimləri Özbəkistana səfər edər və orada tədbirlər keçirərdilər. Analoji tədbirlər yenə keçirilirmi?

- Ötən əsrin 70-80-ci illərində hər iki ölkədə Azərbaycanın və Özbəkistanın ədəbiyyat və mədəniyyət günləri keçirilib və bu tədbirlər nəinki paytaxt Bakıda, həm də regionlarda da uğurla təşkil olunub. Bu tədbirlərdə hər iki ölkənin tanınmış şairləri, mədəniyyət xadimləri iştirak edirdilər. Azərbaycanda keçirilən “Özbəkistan ədəbiyyatı və incəsənəti günləri” çərçivəsində özbək ədəbiyyat və mədəniyyət xadimləri ölkəmizin Lənkəran şəhərində olaraq çoxsaylı görüşlər keçirmişdilər. Səfər zamanı Özbəkistanın Xalq şairi Zülfiyyəyə Azərbaycanın Lənkəran şəhərinin fəxri vətəndaşı adı verilmişdi.

Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovaya Özbəkistanın Xalq artisti adı verilmişdi. Mən hörmətli sənətkarımızın konsert proqramlarının lent yazılarına baxanda ona özbək xalqının nə qədər məhəbbətlə yanaşdığının şahidi oluram. Bu gün də Azərbaycan mədəniyyətinə, musiqisinə, ümumiyyətlə Azərbaycana eyni sevgi, eyni maraq var.

Azərbaycan Mədəniyyət Mərkəzi hər il Daşkəndlə yanaşı, regionlarda da “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” təşkil edir. Bu tədbirlərdə Azərbaycanın tanınmış mədəniyyət, incəsənət ustaları, şair və yazıçıları, ədəbiyyatşünas alimləri iştirak edirlər.

- Samir müəllim, artıq neçə illərdir ki, mədəniyyət sahəsində qardaş Özbəkistanda fəaliyyət göstərirsiniz. Qardaş Özbəkistanın Azərbaycan üçün əhəmiyyəti, onun mədəniyyəti haqqında fikirlərinizi bilmək maraqlıdır.

- Özbəkistan Türk dünyasının aparıcı ölkələrindən biri, qədim tarix, zəngin mədəniyyətə malik qardaş məmləkətdir. Mərkəzi Asiyanın ən çox əhalisi olan ölkəsidir. Otuz beş milyon əhalisi olan Özbəkistanın Səmərqənd, Xivə, Buxara, Termez, Şəxri Səbz, Kokand kimi tarixi abidələrlə zəngin şəhərləri var. Özbəkistanda 12 vilayət, bir muxtar statusa malik Qaraqalpakstan Respublikası mövcuddur.

Özbək mədəniyyəti Şərqin ən parlaq və orijinal nümunələrindən biridir. Onun misilsiz memarlıq nümunələri, əl işləri, musiqisi, rəsmləri, özünəməxsus mətbəxi, geyim mədəniyyəti var. Özbəklər özlərinin klassik və könül oxşayan xalq mahnıları ilə məşhurdurlar. Özbək klassik musiqisi “Şaşməqam” adlanır. Bu muğam sənətinin bir növüdür və XVI əsrin sonlarında Buxarada formalaşıb.

XX əsrin 50-ci illərindən başlayaraq burada klassik musiqilərin ifası radiolarda qadağan edilib, adları dəyişdirilərək “feodal musiqisi” adlandırılıb. “Şaşməqam” Azərbaycan və uyğur muğamları ilə yaxındır.

Özbəkistanda tarixi şəxsiyyətlərin, böyük əcdadların ənənələrinin təbliği yüksək səviyyədə həyata keçirilir, bu iş KİV-də, keçirilən bütün tədbirlərdə, mərasimlərdə prioritet istiqamətlərdəndir.

İbn Sina, Termezi, Əlişir Nəvai, Mirzə Uluqbəy, Əmir Teymur, Zaxirəddin Babur, Cəlaləddin Mənguberdi və s. şəxsiyyətlərin həyat və fəaliyyətləri, onların zəngin irsini gələcək nəsillərə çatdırılması üçün hər il yeni layihələr işlənir.

Qardaş ölkə son zamanlar inkişafını yaşayır və burada çoxsahəli islahatlar həyata keçirilir. Özbəkistan əsasən ağır və yüngül sənaye, habelə kənd təsərrüfatı, turizm sahəsində yeni-yeni uğurlara imza atır.

Otuz beş milyonluq əhalisi olan və Mərkəzi Asiya, Türk dövlətləri arasında xüsusi strateji əhəmiyyəti, ən əsası böyük mədəniyyət beşiyi olan qardaş ölkənin uğurları – Prezident Şavkat Mirziyoyevin də elan etdiyi Yeni Özbəkistanın nailiyyətləri bizi sevindirir. Həm insan, həm ərazi resurslarını, həm də aparılan bu işləri, islahatları nəzərə alsaq gələcəkdə Türk Dövlətləri Təşkilatının üzvü olan Özbəkistanın böyük perspektivi və Asiyanın qüdrətli ölkəsinə çevriləcəyi şübhə yaratmır.

Təbii ki, Azərbaycan dövlətinin başçısının bu səfəri Özbəkistanla ölkəmiz arasında mədəni əlaqələrin inkişafına da ciddi təkan verəcək. Dövlətlərimizin başçılarının siyasi iradəsi ilə yaxın gələcəkdə daha da genişlənəcək iqtisadi-siyasi münasibətlərimizin fonunda Azərbaycan-Özbəkistan mədəni əlaqələrinin də inkişaf edəcəyinə, miqyas və mahiyyət etibarı ilə yeni mərhələyə qədəm qoymasına şahid olacağıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dən “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər