MƏDƏNİYYƏT
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının toplantısı keçirilib
Bakı, 15 sentyabr, AZƏRTAC
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHISTA) toplantısı keçirilib.
AHISTA-dan AZƏRTAC-a bildirilib ki, tədbir Prezident İlham Əliyevin sentyabrın 1-də imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamdan irəli gələn məsələlərin müzakirəsinə həsr olunub.
Qurumun rəhbəri Ruslan Quliyev çıxış edərək bildirib ki, ölkəmizdə son illər turizm sənayesinin inkişafı istiqamətində atılan addımlar artıq öz bəhrəsini verir. Onun sözlərinə görə, ölkə rəhbəri tərəfindən imzalanan fərman və sərəncamlar ən azı yaxın 10 il ərzində turizm sahəsinin inkişafında yol xəritəsini müəyyənləşdirməyə imkan verəcək.
Assosiasiya rəhbəri diqqətə çatdırıb ki, sağlamlıq turizmi Azərbaycanda perspektivi və imkanları geniş olan bir istiqamətdir. Çünki bu sahədə mövsümilik anlayışı yoxdur. Rəhbərlik etdiyi təşkilata ölkədə fəaliyyət göstərən ən böyük sanatoriyaların üzv olduğunu qeyd edən Ruslan Quliyev onların heç birinin bir-birinə rəqib olmadığını da diqqətə çatdırıb: “Bu müəssisələrin hər birinin öz müalicə vasitəsi mövcuddur ki, bu da bizə onları müxtəlif beynəlxalq tədbirlərdə, sərgilərdə çox rahatlıqla təbliğ etməyə imkan verir. Eyni zamanda bu faktın özü bir daha sübut edir ki, Azərbaycan sağlamlıq turizmi sahəsində nə qədər böyük imkanlara malikdir”.
Ruslan Quliyev onu da bildirib ki, assosiasiya üzvlərindən heç bir üzvlük haqqı tələb olunmur. Çünki bu qurumun yaradılmasında əsas məqsəd Azərbaycanda sağlamlıq turizmini bəlli bir formada inkişaf etdirmək və dünya bazarında təbliğ etməkdir.
Tədbirdə daha sonra Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının son bir il ərzində iştirak etdiyi tədbirlərin, gördüyü işlərin qısa xronikasını əks etdirən videoçarx nümayiş olunub.
Tədbirə qonaq qismində qatılan Türkiyədə fəaliyyət göstərən “Nobel” tibb mərkəzinin müdiri Turgay Sehil deyib ki, son 20 ildə dünyada sağlamlıq turizmi sahəsində çox böyük inkişaf müşahidə olunub. 1995-ci ildə bu sahədə 50 milyard dollar gəlir əldə edilmişdisə, 2015-ci ildə bu rəqəm 400 milyard olub. 2024-cü ilə qədər isə 600-700 milyard dollar mənfəət əldə olunacağı proqnozlaşdırılır.
“Chinar Hotel & Spa Naftalan” kompleksinin baş həkimi Çingiz Hacıyev qeyd edib ki, müalicə turizmi sahəsində istənilən nəticəni əldə etmək üçün qarşıya konkret məqsəd qoyulmalı və koordinasiya mərkəzi yaradılmalıdır. Baş həkim Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının bu mərkəzin işini görə biləcəyini də deyib.
Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirib ki, turizm sənayesinin inkişaf etdirilməsi Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir. Onun sözlərinə görə, bu istiqamətdə aparılan islahatlar son illər daha da intensiv xarakter alıb: “Dövlət başçısının sentyabrın 1-də imzaladığı müvafiq Sərəncam respublikamızda turizmin inkişafına yeni təkan verəcək. Bu sənəddə Turizm Şurasının yaradılması, turizm sahəsinin müasir tələblər baxımından yenidən qurulması, ölkənin turizm potensialının təşviqi kimi mühüm məsələlər öz əksini tapıb ki, bunun həyata keçirilməsi ilə də bir çox problemlər öz həllini tapacaq”.
Nazirlik rəsmisi deyib ki, təmsil etdiyi qurum turizm sahəsində fəaliyyət göstərən bütün ictimai təşkilatların işinə kömək etməyə hazırdır.
Toplantıda daha sonra assosiasiyanın üzvlərinə 2018-ci ilə qədər üzvlük vəsiqələri təqdim edilib. Ruslan Quliyev sanatoriya və kurort müəssisələrinin rəhbərlərinə öz təkliflərini yazıb göndərməyi xahiş edib və onların əsasında AHISTA-nın fəaliyyət planının müəyyənləşdiriləcəyini diqqətə çatdırıb.