REGİONLAR
Azərbaycan Texnologiya Universitetinin 45 illiyinə həsr olunmuş beynəlxalq konfrans VİDEO
Gəncə, 14 noyabr, AZƏRTAC
Azərbaycan Texnologiya Universitetinin (ATU) 45 illik yubileyi “Elm, təhsil və istehsalatın inteqrasiyası: müasir tendensiyalar” mövzusunda keçirilən beynəlxalq konfransla qeyd edilib.
AZƏRTAC xəbər verir ki, Gəncədəki Heydər Əliyev Mərkəzində keçirilən konfransın iştirakçıları əvvəlcə mərkəzin qarşısında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Tanınmış yerli və xarici alimlərin iştirakı ilə keçirilən beynəlxalq konfransı universitetin rektoru, professor Akif Süleymanov açaraq, 45 il ərzində bu ali təhsil ocağının keçdiyi şərəfli yoldan, onun maddi-texniki bazasının möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin diqqət və qayğısından danışıb. Bildirilib ki, hazırda Azərbaycanda yeyinti və yüngül sənaye üzrə mühəndis-texnoloq və mühəndis-mexaniklər hazırlayan bu universitetdə 4 fakültədə 21 ixtisas üzrə 2500-ə qədər tələbə və magistrant təhsil alır.
YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev, Azərbaycan Respublikası Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub Piriyev, AMEA-nın Gəncə bölməsinin akademik katibi Fuad Əliyev, akademik Ziyad Səmədzadə, AMEA-nın şöbə müdiri Vüqar Babayev, Gürcüstanın Beynəlxalq Qara Dəniz Universitetinin rektoru İlyas Ciloğlu, Qafqaz Universitetinin rektoru Ahmet Saniç və başqaları yubiley münasibətilə kollektivi təbrik ediblər.
Universitetin 45 illiyinə həsr edilmiş filmin nümayişindən sonra qonaqlara xatirə hədiyyələri təqdim olunub.
Sonra Azərbaycan Texnologiya Universiteti ilə Gürcüstanın Beynəlxalq Qara Dəniz Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Konfrans işini plenar iclaslarda davam etdirib.