İQTİSADİYYAT
Azərbaycan Ümumdünya Poçt İttifaqının Şurasına yenidən üzv seçilib
Bakı, 25 aprel, AZƏRTAC
İsveçrənin paytaxtı Bern şəhərində keçirilən Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaz sessiyasında Azərbaycan Poçt Administrasiyasının nümayəndələri də iştirak edirlər.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sözügedən tədbirlər çərçivəsində ilk plenar iclasda ÜPİ-nin ən mühüm qurumlarından biri olan QSF (Xidmət Keyfiyyəti Fondu - Quality of Service Fund) Şurasına növbəti 3 illik dövr üzrə seçkilər keçirilib və QSF Şurasına üzvlüyə dünyanın 5 coğrafi regionundan namizədlər irəli sürülüb. Şərqi Avropa və Şimali Asiya regionundan namizədliyi verilmiş ölkələrdən biri də Azərbaycan nümayəndəsi olub.
Seçkilərdə ölkəmizin nümayəndəsi səs çoxluğu ilə ÜPİ-nin QSF Şurasına yenidən üzv qəbul olunub. Qeyd edək ki, Şurada dünyanın 11 ölkəsinin nümayəndələri təmsil olunur və onlardan biri də Azərbaycandır.
Bundan başqa, Azərbaycan Poçt Administrasiyası tərəfindən QSF proqramı çərçivəsində həyata keçirilmiş “Beynəlxalq poçt şəbəkəsinin inkişafı (3-cü hissə)” adlı layihə ÜPİ ekspertləri tərəfindən keçirilmiş qiymətləndirmənin nəticələrinə görə ÜPİ-nin “Ən yaxşı idarəetmə” (“Best Management”) sertifikatı ilə mükafatlandırılıb.
Mükafat ÜPİ-nin baş direktoru Bişar Hüseyn tərəfindən plenar iclasda Azərbaycan nümayəndələrinə təqdim edilib.