ELM VƏ TƏHSİL
Azərbaycan Universiteti Misirin ali məktəbləri ilə əməkdaşlıq edəcək
Bakı, 13 fevral, AZƏRTAC
Misir Ərəb Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri, mədəniyyət attaşesi Əhməd Sami Elaydi Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva ilə görüşüb.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, görüşdə bu ali məktəblə mərkəz, eləcə də Misir universitetləri arasında mümkün əməkdaşlıq perspektivləri və istiqamətləri müzakirə olunub.
Səadət Əliyeva deyib ki, rəhbərlik etdiyi ali təhsil müəssisəsi çoxşaxəli beynəlxalq əlaqələrin qurulmasına və genişləndirilməsinə əhəmiyyət verir, bunu daim diqqət mərkəzində saxlayır. Tələbələri üçün xarici tərəfdaş universitetlərdə təqaüdlü təhsil və akademik təcrübə imkanları yaradan Azərbaycan Universiteti ikili diplom proqramlarının həyata keçirilməsini strateji hədəf kimi müəyyənləşdirib.
Əhməd Sami Elaydi iki ölkə arasında dostluq münasibətlərinin inkişafından və ikitərəfli təhsil əlaqələrinin inkişafına töhfə verməkdən böyük məmnunluq duyacaqlarını bildirib.