REGİONLAR
Azərbaycan gəncləri əsl vətəndaşlıq mövqeyindən çıxış edərək yüksək fəallıq və təşəbbüskarlıq göstərirlər VİDEO
Qusar, 1 fevral, Elxan Yusifli, AZƏRTAC
Bu gün Azərbaycan gəncləri vətənpərvər, yüksək intellektli, milli-mənəvi dəyərlərə, tarixi köklərə, dövlətə və Vətənə sadiq olmaqla yanaşı, ictimai-siyasi məsələlərlə bağlı əsl vətəndaşlıq mövqeyindən çıxış edərək yüksək fəallıq və təşəbbüskarlıq göstərirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Qusardakı Heydər Əliyev Mərkəzində 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə təşkil olunan konfransda danışılıb.
“Gənclər gələcəyimizdir” mövzusunda təşkil olunan elmi-praktiki konfransda Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbramxəlilov, Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova çıxış edərək ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətindən söz açıblar.
Bildirib ki, 22 ildir gənclərimiz ulu öndər Heydər Əliyevin təsis etdiyi Azərbaycan Gəncləri Gününü təntənəli şəkildə qeyd edirlər. Bu dövr yaddaşlarda Azərbaycan dövləti tərəfindən gənclərə göstərilən yüksək diqqət və qayğı illəri kimi qalıb. Bu gün Azərbaycan öz tarixinin ən güclü və dinamik dövrünü yaşayır. Gənclərimiz bu dövrün çağırışlarını həssaslıqla duymalı, ölkəmizin inkişafına öz töhfələrini verməlidirlər.
Heydər Əliyev Mərkəzinin əməkdaşı Lalə Sadirova rayon gənclərinin elm, təhsil, idman və başqa sahələrdə əldə etdiyi uğurlara həsr olunan “Gəncliyin səsi” adlı təqdimatla çıxış edib.
Konfransın təqdimat hissəsində Əməkdar jurnalist Vidadi Sevzixanov, Əməkdar müəllimlər Dilşad Şingarova, Səlimə Əhmədova və sahibkar Jalə Əmirbəyova gəncləri maraqlandıran sualları cavablanıdırıb, onlarla fikir mübadiləsi aparıblar.
Tədbirin sonunda Qusar Uşaq İncəsənət Məktəbinin müəllimlərinin ifasında konsert proqramı təqdim olunub.