MƏDƏNİYYƏT
Azərbaycan ilə İndoneziya arasında turizm sahəsində əməkdaşlığa həsr olunan onlayn vebinar keçirilib
Cakarta, 26 iyun, AZƏRTAC
Azərbaycanın İndoneziyadakı səfirliyinin və Azərbaycan Turizm Bürosunun birgə təşkilatçılığı ilə “Azərbaycan: Bir daha bax və Bakının UNESCO siyahısına daxil edilmiş İçərişəhəri” adlı onlayn vebinar keçirilib.
AZƏRTAC xəbər verir ki, onlayn tədbirdə Azərbaycanın İndoneziyadakı səfirliyinin və Azərbaycan Turizm Bürosunun məsul əməkdaşları, habelə Azərbaycan və İndoneziyanın turizm sənayesinin ümumilikdə 47 nümayəndəsi iştirak edib. Vebinar İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyinin qeyd olunması haqqında Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamından irəli gələn tapşırıqların icrası çərçivəsində təşkil olunub.
Vebinar Azərbaycan Turizm Bürosunun Beynəlxalq Bazarların İdarə edilməsi Departamentinin direktoru Sevinc Zeynallının moderatorluğu ilə baş tutub.
Vebinarda “İşərişəhər - Bakının incisi” mövzusunda təqdimatla iştirak edən Azərbaycanın İndoneziyadakı səfirliyinin müşaviri Gültəkin Həbibli İçərişəhərin Azərbaycan xalqı üçün xüsusi əhəmiyyətə malik olduğuna diqqət çəkərək, bu tarixi abidənin ölkəmizə gələn turistlərin də sevərək kəşf etdiyi məkan olduğunu qeyd edib. UNESCO ilə ölkəmiz arasında münasibətlərin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi xidmətlərini vurğulayıb. Bildirib ki, məhz onların Azərbaycan tarixinə, mədəniyyətinə olan bağlılığının və sevgisinin nəticəsi olaraq, bu gün ölkəmizin qədim tarixinin, mədəniyyətinin rəmzi olan İşərişəhər, habelə digər tarixi məkanlar UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
İştirakçılara Sərəncama uyğun olaraq səfirlik tərəfindən həyata keçirilən tədbirlər barədə də ətraflı məlumat verilib.
Sonra səfirliyin ikinci katibi İntiqam Hüseynov Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, turizm potensialı, Azərbaycan-İndoneziya münasibətləri və iki ölkə arasında turizm əlaqələri haqqında geniş məlumat verib. Ölkələrimiz arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanmasının nəzərdə tutulduğunu, bunun turizm sahəsində ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə dəstək verəcəyini söyləyib.
Azərbaycan Turizm Bürosunun Asiya üzrə regional meneceri Rüfət Sadıqov Azərbaycanın turistik məkanları və turizm potensialı, ölkəmizdə yaradılmış turizm infrastrukturu, turizmin 4 mərhələli bərpa planı, “SAHMAN” proqramı və pandemiya dövründə görülmüş işlər barəsində ətraflı məlumat verib.
İndoneziyanın “Perfect Holiday” şirkətinin təsisçisi və baş icraçı direktoru Miko Puci Utomo ölkəsinin turistik imkanları haqqında danışaraq, rəhbərlik etdiyi şirkət haqqında məlumat verib. O, həmçinin indoneziyalı turistlərin Azərbaycana böyük maraq göstərdiklərini vurğulayıb, şirkətin Azərbaycana təşkil etdiyi turistik səfər paketi haqqında məlumat verib.
Azərbaycanın ən böyük turizm şirkətlərindən olan “Paşa Travel” şirkətinin satış təmsilçisi Turac Bayramov ölkəmizin turizm potensialından danışıb və təmsil etdiyi şirkət haqqında təqdimat edib.
Bununla yanaşı, vebinar zamanı Azərbaycan Turizm Bürosu tərəfindən İçərişəhərin tarixi haqqında ətraflı məlumat verən bələdçilərin iştirakı ilə təqdim olunan canlı virtual tur indoneziyalı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Sonda Azərbaycan ilə İndoneziya arasında əlaqələrin möhkəmləndirilməsi və turizm sahəsində əməkdaşlığın genişləndirilməsi mövzusunda geniş fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta