MƏDƏNİYYƏT


Azərbaycan musiqiçiləri Avstriyanın Baden şəhərində konsert proqramı ilə çıxış ediblər VİDEO

Baden, 17 may, AZƏRTAC 

Mayın 16-da Avstriyanın Baden şəhərində Azərbaycan musiqiçilərinin konserti təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzi və Baden Şəhər Bələdiyyəsinin birgə təşkil etdiyi konsert Baden İncəsənət Evində baş tutub.

Tədbirdə çıxış edən Baden Şəhər Mədəniyyət İdarəsinin rəhbəri Hans-Qerd Ramaxer bildirib ki, Vyanadan cəmi 25 kilometr məsafədə yerləşən füsunkar Baden şəhəri hər zaman Vyana sakinləri, ələlxüsus da bəstəkarların sevimli gəzinti və istirahət məkanı olub. Bethoven və Motsart kimi dahi bəstəkarlar bu şəhərdə yay tətillərini keçirmiş, ənənəvi olaraq burada klassik musiqiyə böyük diqqət göstərilmişdir. Klassik musiqi ilə yanaşı, dünya xalqlarının musiqisinə maraq göstərən şəhər sakinləri üçün ilk dəfə olaraq Azərbaycan musiqisi ilə tanış olmaq imkanı yaranıb. O, bu konsertin ərsəyə gəlməsində göstərilən səmərəli əməkdaşlığa görə Azərbaycan Mədəniyyət Mərkəzinə minnətdarlığını bildirib. Qeyd edilib ki, bu əməkdaşlıq çərçivəsində mayın 26-da Əməkdar artist, “Qızıl çinar” beynəlxalq mükafatı laureatı Fuad İbrahimovun dirijorluğu ilə Vyana Kamera Orkestri bu şəhərin ən böyük parkında açıq səma altında klassik konsert proqramı da təqdim edəcək.

Tədbirin bədii hissəsi “Ənvər Sadıqov, Şəhriyar İmanov və dostları” adlı konsert proqramı ilə davam edib. Konsertdə Azərbaycan xalq və bəstəkar mahnıları, eləcə də Avropa bəstəkarlarının əsərlərindən ibarət improvizasiyalar, Ənvər Sadıqov və Şəhriyar İmanovun müəllifi olduğu kompozisiyalar tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Baden

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.