MƏDƏNİYYƏT
“Azərbaycan” pavilyonunda Rusiyanın Xalq rəssamı Sergey Andriyakanın fərdi sərgisi keçiriləcək
Moskva, 16 sentyabr, AZƏRTAC
Rusiyada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində yerləşən “Azərbaycan” pavilyonunda sentyabrın 17-dən oktyabrın 7-dək Sergey Andriyakanın fərdi sərgisi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Rusiyanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, Akvarel Akademiyası və Məktəbinin rektoru və yaradıcısı Sergey Andriyaka Rusiyada akademik akvarel rəssamlığının əsas ustadlarından biri kimi məşhurdur.
Ustadın yaradıcılığı doğma ölkəsinə, Rusiyanın qədim şəhərlərinin bənzərsiz füsunkarlığına, memarlıq abidələrinin cəzbedici gözəlliyinə və qədim əşyaların dəyərinə həsr olunub. Sergey Nikolayeviçin əsərlərinə tamaşaçı üçün ətraf mühitin gözəlliyini açır. Rəssamın təkrarolunmaz yaradıcılıq tərzi akvarel rəssamlığının klassik ənənələrini və XIX əsrin akademik rəsminin varisliyini nümayiş etdirir.
Rəssam yaradıcılıqla yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olur. Onun müəllifi olduğu çoxlaylı akvarel rəssamlığı üzrə tədris metodikası Akvarel Akademiyası və Məktəbində uğurla tətbiq olunur.
“Azərbaycan” pavilyonundakı sərginin ekspozisiyasında Sergey Andriyakanın natürmort və təbiət təsvirləri janrında müxtəlif illərdə çəkdiyi məşhur rəsm əsərləri nümayiş etdiriləcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva