MƏDƏNİYYƏT
Azərbaycan və BMT-nin Dünya Turizm Təşkilatı arasında əməkdaşlığın perspektivləri geniş müzakirə olunmuşdur
Bakı, 31 mart (AZƏRTAC). Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Prezident İlham Əliyev tərəfindən 2011-ci ilin ölkəmizdə “Turizm İli” elan olunması ilə bağlı müvafiq danışıqlar aparılması məqsədi ilə Dünya Turizm Təşkilatının (DTT) baş qərargahında bu qurumun rəhbər şəxsləri görüşlər keçirmişdir.
Nazir 2011-ci ilin “Turizm İli” elan olunduğunu və Azərbaycan Prezidenti tərəfindən ölkədə turizmin inkişafı ilə bağlı 5 illik proqramın imzalandığını, eyni zamanda, bu məsələnin hökumətin siyasətində mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışdır.
Əbülfəs Qarayev bu il aprelin 7-dən 9-dək Bakı şəhərində keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, mötəbər beynəlxalq məclisdə iştirakı təsdiq olunmuş yüksək vəzifəli şəxslər haqqında məlumat vermiş və DTT-nin əməkdaşlarını bu mühüm tədbirə dəvət etmişdir.
Həmçinin aprelin 28-dən 30-dək Bakı Sərgi Salonunda keçiriləcək Azərbaycan Beynəlxalq sərgisi və II Daxili turizm sərgisi haqqında məlumat diqqətə çatdırıldıqdan sonra DTT-nin səlahiyyətli nümayəndəsi bu tədbirlərdə iştirak etmək üçün Bakıya dəvət olunmuşdur.
Nazir Ə.Qarayev mayın 17-dən 19-dək ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək Dünya turizm sammitində iştirak edəcəyi ilə bağlı razılığını və həmin tədbir çərçivəsində DTT-nin baş katibi ilə görüşməkdən məmnun olacağını bildirmişdir.
Görüşdə DTT-nin əməkdaşı BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının növbəti sessiyası haqqında məlumat verərək, bu şuranın üzvü olmaq üçün Avropa regionundan namizədliklərin təqdim edildiyi və Azərbaycanın da arzu edəcəyi təqdirdə namizədliklə bağlı müraciət edə biləcəyini bildirmişdir.
DTT-nin Avropa üzrə regional direktorunun müavini xanım Kodrula Vohlmuther bu qurumun özü tərəfindən hərtərəfli dəstəklənən, regional əməkdaşlığın təşviqi, turizmin və turizm məhsulu istehsalının inkişafına töhfə verə biləcək Xəzər dənizi regionunda kruiz turizminin inkişaf etdirilməsi təşəbbüsü ilə çıxış etmişdir. Ə.Qarayev Azərbaycan tərəfinin Xəzər Dənizi Turizminin İnkişafı Layihəsinə tam dəstək verdiyini bildirmişdir.
Xanım Kodrula Vohlmuther Cənubi Qafqazda turizmin inkişafı təşəbbüsünü xüsusilə vurğulayaraq, regional əməkdaşlığın əhəmiyyətini qeyd etmişdir. Müzakirələr zamanı DTT tərəfindən regional əməkdaşlıq imkanlarının araşdırılması məqsədi ilə Azərbaycana yüksək səviyyəli peşəkarların göndərilməsi təklif olunmuşdur.
Əbülfəs Qarayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat vermişdir. O, bəzi sərgilərdə Azərbaycan ərazisinin Ermənistanın tərkib hissəsi kimi təqdim edilməsinin yolverilməz olduğunu bildirmişdir. BMT tərəfindən Azərbaycanın ərazi bütövlüyü ilə bağlı 4 qətnamənin qəbul olunduğu diqqətə çatdırılmışdır. Eyni zamanda, Azərbaycanın Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ regionunun beynəlxalq sərgilərdə iştirakına yol verməmək üçün nəzarətin gücləndirilməsi məqsədi ilə BMT qətnamələrinin həyata keçirilməsində DTT-nin dəstəyinə ehtiyac olduğu bildirilmişdir.
Görüşlərdə nazir Avstriya ilə birgə əməkdaşlıq nəticəsində Şahdağ Qış-Yay Turizm Kompleksinin xüsusi marketinq planının hazırlanması və maraqlı olduqları təqdirdə BMT DTT-nin layihənin hazırlanmasına cəlb edilmək imkanının olduğunu vurğulamışdır.
DTT-nin əməkdaşı xanım Alla Peressolova İpək Yolu tədbirlərindən söhbət açaraq, nazir Əbülfəs Qarayevi cari ilin noyabrında Londonda keçiriləcək 5-ci nazirlər sammitinə dəvət etmişdir.
Görüş zamanı DTT-nin rəqabət, xarici əlaqələr və əməkdaşlıq üzrə icraçı direktoru Marcio Favilla və Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəflər arasında 2011-2012-ci illərə dair Statistika potensialının artırılması üçün seminarların keçirilməsi proqramı (SPAP) üzrə Anlaşma Memorandumunu imzalamışlar.
Marcio Favilla 2011-ci ildə BMT ÜTT-nin könüllü üzvləri olmaq üçün ölkəmizdən iki qurumun - Azərbaycan Turizm Assosiasiyası və Bakı Turizm İnformasiya Mərkəzinin namizədliklərinin təqdim olunduğunu qeyd etmişdir. Bu namizədlər cari ilin iyununda Keniyanın Mombasa şəhərində keçiriləcək iclasda İcraiyyə Şurasına təqdim olunacaqlar və şura öz növbəsində bu barədə müvafiq rəylərini Koreya Respublikasında Baş Məclisə təqdim edəcəkdir.