MƏDƏNİYYƏT
Azərbaycan və Bakı haqqında növbəti bələdçi kitab hazırlanır
Bakı, 27 aprel (AZƏRTAC). Azərbaycanın zəngin mədəniyyəti, tarixi, adət-ənənələri, turizm potensialı və digər sahələrini əks etdirən bələdçi kitabların müxtəlif xarici dillərdə hazırlanaraq çap olunması ölkəmizin beynəlxalq aləmdə təbliği istiqamətində atılan mühüm addımlardan biridir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu məqsədlə nazirlik tərəfindən “Azərbaycanı kəşf edək. Bələdçi kitablar” layihəsi çərçivəsində Avropanın bir sıra aparıcı nəşriyyat müəssisələri ilə əməkdaşlıq müqavilələri bağlanmışdır.
Azərbaycan haqqında bələdçi kitabların hazırlanması ilə əlaqədar İngiltərənin “Time Out” nəşriyyatı ilə bağlanmış müqaviləyə əsasən, “The Time Out Guide to Baku & the Best of Azerbaijan” kataloqlarının hazırlanması nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İngiltərənin “Time Out Guides” nəşriyyatı arasında imzalanmış müqaviləyə əsasən, “Time Out” bələdçiləri kolleksiyası çərçivəsində Bakı şəhəri və Azərbaycan haqqında turizm üzrə bələdçi kitabın hazırlanması məqsədi ilə “Time Out Guides” nəşriyyatının əməkdaşı Petercon Kressvell artıq Bakıdadır. Nəşriyyatın digər əməkdaşı Ben İllisin isə may-iyun aylarında ölkəmizə gələcəyi planlaşdırılır.