MƏDƏNİYYƏT
Azərbaycan və Özbəkistanın dövlət müstəqilliyinin 27-ci ildönümü geniş konsert proqramı ilə qeyd edilib
Daşkənd, 18 sentyabr, AZƏRTAC
Daşkənd İrriqasiya və Meliorasiya İnstitutunda Azərbaycan və Özbəkistanın dövlət müstəqilliyinin 27-ci ildönümü ilə bağlı Azərbaycanın tanınmış müğənnilərinin iştirakı ilə böyük konsert proqramı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi əsasında keçirilən tədbirdə institutun müəllim və tələbə heyəti, AMM-in əməkdaşları, elm, mədəniyyət və incəsənət xadimləri, jurnalistlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə institutun prorektoru Qadırjon Şavazov açaraq xalqlarımız üçün böyük nemət olan müstəqilliyin əldə edilməsi, ötən illər ərzində qazanılan uğurlar, Özbəkistan və Azərbaycan xalqları arasında dostluq əlaqələrindən danışıb, Daşkənddəki AMM-in layihəsi ilə azərbaycanlı sənətçilərin institutda keçirilən konsert proqramını yüksək qiymətləndirib. O, tarixi, dili, dini, mədəniyyəti, adət-ənənələri eyni olan xalqlarımızın müstəqilliyinin və dostluğunun əbədi olmasını arzulayıb.
AMM-in direktoru Samir Abbasov Azərbaycan xalqının dövlətçilik tarixinin olduqca dərin köklərə malik olduğunu, XX əsrin əvvəllərində 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) süqutundan sonra əsrin sonlarında yenidən Azərbaycanın öz müstəqilliyinə qovuşduğunu qeyd edib. O, müstəqilliyin əldə edilməsi qədər, onun qorunub saxlanılmasının da çətin və şərəfli vəzifə olduğunu və bu istiqamətdə ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərini diqqətə çatdırıb.
Diplomat bu il Azərbaycan və Özbəkistanın dövlət müstəqilliyinin 27-ci ildönümünü qeyd etdiyini bildirib, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə AXC-nin yüz illiyi ilə əlaqədar bu ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyət İli” elan edildiyini qeyd edib. O Azərbaycan–Özbəkistan dostluğundan danışaraq xalqlarımızın yaxınlığı, habelə eyni taleyi bölüşdüyünü vurğulayıb.
Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədova, Əməkdar artistlər, tarzən Sahib Paşazadə, xanəndə Nigar Şabanova və Bakıda keçirilən beynəlxalq muğam müsabiqəsinin qalibi Abgül Mirzəliyevin çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Azərbaycan müğənniləri bir sıra özbək mahnılarını da ifa ediblər.
Konsertdə AMM-in nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı da çıxış edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd