QAN YADDAŞI


Azərbaycan və gürcü xalqları öz qəhrəmanlarını heç zaman unutmayacaqlar

Tbilisi, 18 yanvar, AZƏRTAC

Azərbaycan və gürcü xalqları Vətənin müstəqilliyi, azadlığı və suverenliyi uğurunda şəhid olmuş övladlarını heç zaman unutmayacaqlar. Qəhrəman Vətən oğullarının əziz xatirəsi daim yaşayacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirlər 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Gürcüstanın Saqareco rayonunun Qaraçöp kəndində keçirilən anım tədbirində səslənib.

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə səfir Dursun Həsənov, səfirliyin əməkdaşları, Ağsaqqallar Şurasının sədri İsak Novruzov, professor Mahmud Kamaloğlu, Saqareco rayon bələdiyyəsinin, icra strukturlarının nümayəndələri, ictimai fəallar iştirak ediblər.

Tədbir iştirakçıları Qaraçöp kəndində 20 Yanvar şəhidlərinin və 9 Aprel hadisəsi qurbanlarının xatirəsinə inşa edilən abidə kompleksinin önünə gül dəstələri düzüblər.

Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

D.Həsənov çıxış edərək Azərbaycan və gürcü xalqları arasında əsrlərboyu mövcud olan qədim dostluq əlaqələrindən, hər iki xalqın oxşar talelərindən, azadlıq uğurundakı mübarizə tarixindən söz açıb. 20 Yanvar və 9 Aprel faciələrinin əsl səbəb və nəticələrindən danışan diplomat deyib ki, xalqlarımızın tarixinə qanla yazılan bu hadisələr həm də azadlığımızın və müstəqilliymizin əsasını qoyub.

Sonra professor Mahmud Kamaloğlu, İsak Novruzov kənd ağsaqqalları çıxış ediblər. Bildirilib ki, Qanlı Yanvar hadisəsinin qurbanları arasında 6 nəfər Gürcüstan azərbaycanlısı var. Onlardan biri də Qaraçöp kənd sakini Ələsgər Yusif oğlu Qayıbovdur.

Çıxışlarda 24 yaşlı Ələsgər Qayıbovun düşmən gülləsindən yaralanmış insanları xilas edərkən şəhidlik zirvəsinə yüksəldiyi, onun qəhrəmanlığının gənclər üçün örnək olduğu xüsusi qeyd edilib.

Sonra səfir və onu müşayiət edən şəxslər şəhid Ələsgər Qayıbovun ailəsinə baş çəkiblər. Səfirlik adından şəhidin ailəsinə ərzaq yardımı göstərilib.

Şəhidin qardaşları Əmir və Nəriman Qayıbovlar şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.