MƏDƏNİYYƏT
“Azərbaycan xalçaçıları” İctimai Birliyinin üzvləri Mingəçevir şəhərinin qonağı olub
Bakı, 20 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan xalçaçıları” İctimai Birliyi tərəfindən həyata keçirilən “Regionlarda xalça sənətinin inkişafına dəstək” layihəsi uğurla davam edir.
AZƏRTAC xəbər verir ki, İctimai Birliyin sədri, sənətşünaslıq üzrə elmlər doktoru Röya Tağıyevanın rəhbərliyi ilə İdarə Heyətinin üzvləri Eldar Hacıyev, Mehriban Əliyeva, Bədirə Əliyeva, Elmira Qasımova, Şəhla Əsgərova, Gülşən Hüseynova, İdarə heyətinin katibi Günel Aslanova, üzvlərdən Adil Məmmədov, Səma Əmirova, Məhbubə Məmmədova, Rauf Umudov, Timur Qavrin, Nazilə Əbilova, Zərif Bəkirova tərəfindən hazırlanmış xüsusi proqram bu dəfə Mingəçevirdə reallaşıb.
Mingəçevir şəhərinə təşkil olunmuş səfər icra hakimiyyəti və Mingəçevir Dövlət Dram Teatrının binasında yerləşən Bərdə Regional Mədəniyyət İdarəsinin Mingəçevir şəhər nümayəndəsi Şəlalə Sadəddinova ilə görüşlərlə başlanıb. Tədbir Mingəçevir Şəhər Tarix Muzeyində keçirilib. Bu dəfə məlumatlandırıcı sessiyanın auditoriyası xalça sənətinin gələcəyi ola biləcək gənclər deyil, aidiyyəti qurumlar tərəfindən təyin olunmuş, mədəni irsimizi təşviq etmək fəaliyyətinin bir istiqaməti olan nurlar şəhərinin müxtəlif mədəniyyət müəssisələrini təmsil edən əməkdaşlar olub.
Tədbirin əvvəlində Günel Aslanova iştirakçıları Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib. Bu gün regionlarda xalça sənətinin inkişafı məhz müstəqil Azərbaycanın dövlət siyasətinin bir bəhrəsi olduğunu vurğulayıb və layihənin iqtisadi, sosial tərəflərindən söz açıb. Qədim tarixə malik Mingəçevir şəhərində arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi mədəniyyət nümunələrinin tarixi Böyük İpək yolu üzərində yerləşən bu şəhərin sənətkarlıq mərkəzi olduğu qeyd edib.
Layihənin əsas məqsədinin UNESCO tərəfindən “Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısı”na daxil edilmiş Azərbaycan xalça sənəti ənənəsinin mühüm milli mədəni irsimiz kimi inkişaf etdirilməsi, qan yaddaşımıza hopmuş xalq tətbiqi sənətimizin bu incisinə müasir ruh verilməsinin və mədəni iqtisadiyyatın ayrılmaz bir hissəsinə çevrilməsinə dəstək göstərilməsindən ibarət olduğu bildirilib.
İctimai Birliyin üzvü xalçaçı Nazilə Əbilova sessiya iştirakçılarına Azərbaycanın xovlu və xovsuz xalçalarından söz açıb və ustad dərsi zamanı xalça toxunmasının praktiki üsullarını nümayiş etdirib. O, həmçinin xalçadan hazırladığı funksional məmulatları nümunə kimi qonaqlara təqdim edib. Tədbir iştirakçıları xalçanın toxunması prosesini maraqla izləyib, məmnuniyyətlə ilmə vurmağa səy göstəriblər.
Tədbir boyu iştirakçılar onları maraqlandıran sualları səsləndirib, öz fikirlərini, qarşılaşdıqları problemləri sorğu vərəqələrində qeyd ediblər. Onlara bütün qeydlərin və qaldırılan problemlərin idarə heyətində müzakirə olunacağı və layihənin sonunda müvafiq qurumlar qarşısında məsələlərin qaldırılacağı bildirilib.
Qeyd edək ki, əsas məqsədi mədəni irsimizi qoruyub, yaşatmaq, təbliğ etmək olan “Azərbaycan xalçaçıları” İctimai Birliyi 2010-cu ildə dövlət qeydiyyatına alınıb, 2012-ci ildən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması” Beynəlxalq Konvensiyasının Hökumətlərarası Komitəsində akkreditasiya olunub. Bu platformadan uğurla istifadə edən İB, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq məqsədi ilə yerli və beynəlxalq miqyasda tədbirlərini davam etdirməkdədir.