Ankaradakı Heydər Əliyev adına məktəbdə Ulu Öndərin xatirəsinə konsert proqramı təşkil olunub
Ankara, 10 may, AZƏRTAC
Mayın 10-da Ankaradakı Heydər Əliyev adına məktəbdə Azərbaycan xalqının Ümummilli Liderinin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş bayram proqramı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Diasporuna Dəstək Fondunun nümayəndə heyəti, Azərbaycanın Ankaradakı səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibova, diplomatlar, iki ölkənin ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Azərbaycan Diasporuna Dəstək Fondunun rəhbəri Əkrəm Abdullayev çıxışında dahi dövlət xadiminin Azərbaycan dövlətçiliyinin xilas edilməsində və möhkəmləndirilməsində rolunu vurğulayıb.
O, ümidvar olduğunu bildirib ki, Azərbaycan və Türkiyənin gənc nəsli Heydər Əliyevin irsini hərtərəfli öyrənəcək, öz ölkələrinin çiçəklənməsinə layiqli töhfə verəcək.
Daha sonra çıxış edən Azərbaycanın Ankaradakı diplomatik missiyasının təhsil üzrə müşaviri Nəcibə Nəsibova vurğulayıb ki, müasir Azərbaycanın bütün nailiyyətləri ayrılmaz şəkildə Heydər Əliyev şəxsiyyətinə bağlıdır.
“Ümummilli Lider Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi üçün əlindən gələni edib, respublikanın gələcək uğurlarının əsasını qoyub. Heydər Əliyev Türkiyə ilə əlaqələrə xüsusi önəm verirdi. O, Türkiyəni ürəkdən sevirdi və qardaş ölkə ilə hərtərəfli əlaqələrin inkişafına çalışırdı”, - deyə N.Nəsibova bildirib.
Onun sözlərinə görə, əlamətdar haldır ki, Türkiyənin bir çox şəhərlərində bu gün Heydər Əliyev parkları fəaliyyət göstərir, Ümummilli Liderə abidələr ucaldılıb.
“Heydər Əliyev irsinin layiqli davamçısı olan Prezident İlham Əliyev dahi dövlət xadiminin vəsiyyətlərini həyata keçirib, ölkəmizin torpaqlarını erməni işğalından azad edib”, - deyə o vurğulayıb.
Milli geyimli məktəblilər iki qardaş ölkənin xalqlarının rəqslərini ifa ediblər.
Məktəbin binasında Heydər Əliyev irsi mövzusunda rəsm müsabiqəsinin qaliblərinin rəsm əsərləri nümayiş olunub, Azərbaycan xalqının Ümummilli Liderinə həsr olunmuş fotostend təşkil edilib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara