MƏDƏNİYYƏT
“Azərbaycan xalçaları” jurnalının 20-ci nömrəsi işıq üzü görüb
Bakı, 22 noyabr, AZƏRTAC
“Azərbaycan xalçaları” elmi-publisistik jurnalının növbəti 20-ci nömrəsi işıq üzü görüb. Sənətşünaslıq və tarix ixtisasları üzrə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan jurnalda incəsənət, tarix, ayrı-ayrı xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, elmi məqalələr, maraqlı tərcümə materialları yer alıb. Azərbaycan, rus və ingilis dillərində məqalələrin dərc olunduğu jurnalda respublikamızın ictimai, mədəni, elmi həyatına dair rəsmi xronika da öz əksini tapıb.
AZƏRTAC xəbər verir ki, jurnalın üz qabığında XIX əsrin sonlarında Quba rayonunun Cimi kəndində toxunmuş və üzərində oğuzların Bayandur boyunun damğası olan kilimin fotoşəkli öz əksini tapıb. Bu nömrədə akademik İsmayıl Hacıyevin “Qeysəriyyə - örtülü Şərq bazarı”, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Əlincəqala”, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovun “Azərbaycan “Qarxun”ları: yurdlar və xalçalar”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikovanın “Həyat ağacı” ənənəvi xalça mədəniyyətində əsas arxetipik obraz kimi”, tarix üzrə fəlsəfə doktoru Südabə Zeynalovanın “Azərbaycanda alman məskənlərinin tarixi və etnoqrafik xüsusiyyətləri” və digər müxtəlif tarixi, etnoqrafik mövzulara həsr olunmuş məqalələr yer alıb.
Jurnalın baş redaktoru Əməkdar İncəsənət Xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovdur.