ELM VƏ TƏHSİL
Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşib
Bakı, 10 noyabr, AZƏRTAC
Bu gün yaşadığımız qələbə böyük tarixi uğurdur. Xalqımızın illərdir gözlədiyi bu zəfəri Müzəffər Ali Baş Komandanın rəhbərliyi, şanlı ordumuzun şücaəti ilə qazandıq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Hüquq və İnsan Hüquqları İnstitutunun baş elmi işçisi Rizvan Hüseynov deyib. O bildirib ki, indi əsas məsələ bu qalibiyyəti qorumaqdır: “Qalib xalq olaraq artıq regionda olan mövqeyimiz dəyişib. Bu qələbə ilə Qafqaz regionunda sülh bərpa olundu”.
Rizvan Hüseynov diqqətə çatdırıb ki, Naxçıvana dəhlizin açılması da qələbəmizin mühüm elementidir: “Bu dəhliz həm siyasi, həm də iqtisadi cəhətdən strateji əhəmiyyətə malikdir. Naxçıvan dəhlizi Azərbaycanı qardaş Türkiyə ilə birləşdirəcək. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşib. Bundan sonra birliyimiz, qələbələrimiz daimi və davamlı olacaq”.