CƏMİYYƏT
Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini ən yüksək ehtiramla yad edir
Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 11-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında “Heydər Əliyev məktəbinin lektoriyası”nın ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş məşğələsi keçirilib. Lektoriyanın qonağı siyasi elmlər doktoru, professor, Milli Məclisin deputatı Elman Nəsirov olub.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə Akademiyanın həyətində ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyaraq dahi rəhbərin əziz xatirəsini ehtiramla yad ediblər.
Akademiyanın akt zalında keçirilən tədbirdə Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan FHN Akademiyasının rəisinin birinci müavini polkovnik Qəzənfər Bağırov Ulu Öndərin zəngin həyat yolu və ictimai-siyasi fəaliyyəti haqqında ətraflı məlumat verərək bildirib ki, ümummilli lider Heydər Əliyev zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin tarixində müstəsna rol oynayıb. Azərbaycan xalqı Ulu Öndərin adını hər zaman əziz tutur, müstəqil dövlətimizin xilaskarı, qurucusu və memarı kimi tanıyır. Heydər Əliyev misilsiz xidmətləri və yorulmaz fəaliyyəti ilə hələ sağlığında ikən əbədiləşmiş böyük şəxsiyyətdir.
Q.Bağırov qeyd edib ki, ölkəmizdə bütün sahələrdə ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş möhtəşəm quruculuq işləri dahi şəxsiyyətin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Milli Məclisin deputatı Elman Nəsirov müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan və ictimai-siyasi fəaliyyətindən, Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə dövlətçiliyin bərpasında, qorunub saxlanmasında misilsiz xidmətlərindən, xalqımızın rifahı naminə həyata keçirdiyi siyasi-iqtisadi islahatlardan bəhs edib. Qeyd olunub ki, Ulu Öndərin əsasını qoyduğu strateji inkişaf xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, dosent Afət Qurbanov bildirib ki, Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərini unutmur və heç vaxt unutmayacaqdır. Milli dövlətçiliyimizin inkişafı, milli-mənəvi dəyərlərimizin və adət-ənənələrimizin qorunub saxlanılması, ölkəmizin beynəlxalq nüfuzunun artması, mövqeyinin güclənməsi, dünya azərbaycanlılarının vəhdətinin yaradılması məhz müdrik şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindəndir.
Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.