CƏMİYYƏT
Azərbaycanda aparılan seysmoloji tədqiqatlar Dünya Bankı tərəfindən maraqla qarşılanıb
Bakı, 30 mart, AZƏRTAC
Azərbaycanda aparılan seysmoloji tədqiqatlar və alınan nəticələr Dünya Bankı tərəfindən maraqla qarşılanır.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bu fikirləri Qafqazda seysmik riskin öyrənilməsi ilə bağlı regiona səfər edən Dünya Bankının nümayəndələri mərkəzdə keçirdikləri görüşdə səsləndiriblər.
Dünya Bankının Avropa və Mərkəzi Asiya bölgəsi üzrə risklərin idarə edilməsi bölməsinin məsləhətçisi Mariya Markhvida və strategiyalar və əməliyyatlar bölməsinin böyük əməliyyatlar üzrə mütəxəssisi Hacı Hüseynov RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli ilə görüşüblər. Görüşdə qonaqlara mərkəzin fəaliyyəti, aparılan kompleks seysmoloji tədqiqatlar haqqında ətraflı məlumat verilib. Müzakirələr zamanı, həmçinin Qafqaz regionunda seysmik riskin öyrənilməsi və Dünya Bankı ilə RSXM arasında gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.