CƏMİYYƏT
“Azərbaycanda rutin immunlaşdırma proqramı” mövzusunda seminar keçirilib
Bakı, 24 noyabr, AZƏRTAC
UNICEF və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin birgə həyata keçirdiyi “Azərbaycanda rutin immunlaşdırma proqramı” mövzusunda seminar keçirilib.
AZƏRTAC UNICEF-in rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, UNICEF-in Avropa və Mərkəzi Asiya regional ofisinin (ECARO), ÜST-nin Avropa üzrə regional ofisinin və yerli səhiyyə qurumlarının, o cümlədən Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, İnnovasiya və Təchizat Mərkəzi, Analitik Ekspertiza Mərkəzi və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndələri müzakirələrdə iştirak ediblər.
Məlumat sessiyaları zamanı regional və yerli mütəxəssislər Azərbaycanda immunlaşdırma proqramının gücləndirilməsi və idarə olunması, peyvənd sifarişlərinin və satın alınmasının planlaşdırılması üzrə regional təcrübələr, peyvəndlərin paylanması prosesi, soyuq zəncir sisteminin idarə olunması, ilkin səhiyyə müəssisələrində uşaqlar üçün immunizasiya xidmətləri kimi mövzularda müzakirələr aparılıb.
Seminar zamanı qrup müzakirələrində immunlaşdırma proqramında mövcud olan çətinliklər, onların aradan qaldırılması yolları müəyyən olunub. Qrup müzakirələrinin nəticəsi olaraq qurumlar arasında immunlaşdırma proqramı üzrə prioritet problemlərin həlli ilə bağlı qısamüddətli fəaliyyət planının hazırlanması və planın həyata keçirilməsi üçün işçi qrupun təşkil olunması razılaşdırılıb.