İQTİSADİYYAT
Azərbaycanda sənayenin inkişafı müasir dövrün çağırışı və zamanın tələbidir
Bakı, 25 yanvar (AZƏRTAC). Azərbaycanda qeyri-neft sektorunun, eləcə də onun mühüm qolu olan sənayenin inkişafına yönəlmiş ardıcıl addımlar atılır. Ötən illərdə yüzlərlə sənaye müəssisəsi inşa edilmiş, bu sahədə güclü potensial yaradılmışdır. Demək olar ki, ötən il əldə olunan uğurlar, iqtisadi artım tempi ölkə sənayesinin yeni inkişaf mərhələsinə qədəm qoymasına gətirib çıxarmışdır.
İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun makroiqtisadi tədqiqatlar şöbəsinin aparıcı elmi işçisi, ekspert Pərviz Heydərov bildirir ki, Prezident İlham Əliyevin 2014-cü ili ölkəmizdə “Sənaye ili” elan etməsi əslində gözlənilən idi. Artıq bir neçə müddətdir ki, ölkə iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı prioritet sayılır. Bu da ondan irəli gəlir ki, ümumi daxili məhsul (ÜDM) istehsalında neft-qaz sektorunun dominantlığı ötən 10 illiyin ortalarında qalmışdır və zaman qeyri-neft sektorunun inkişafını diktə edir.
Buna görə də hələ üç il əvvəl dövlətimizin başçısı bildirmişdi ki, növbəti 10 il ərzində ÜDM ən azı 2 dəfə artmalıdır. “Biz bunu qeyri-neft sektorunun inkişafı hesabına təmin etməliyik. Çünki neft sənayesində hazırkı istehsal bizi qane edir” - deyə, Prezident İlham Əliyev qeyd etmişdir.
Statistikaya əsasən Azərbaycanda ÜDM üzrə ən yüksək artım 8 il əvvəl - 34,5 faizlə 2006-cı ildə əldə olunmuşdur. Bu göstərici 2007-ci ildə 25 faiz, 2008-ci ildə 10,8 faiz, 2009-cu ildə 9,3, 2010-cu ildə isə 5 faiz təşkil etmişdir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2011-ci ildə ölkəmizdə ÜDM istehsalı 0,1 faiz, 2012-ci ildə 2,2 faiz artmışdır. Nəhayət, ötən il 5,8 faiz artım qeydə alınmışdır.
Hələ 2011-ci ildə ÜDM istehsalı qeyri-neft sektorunun hesabına təmin edildiyindən onun azacıq artması belə müsbət qiymətləndirilir və dünya iqtisadiyyatında hökm sürən böhran fonunda yaxşı nəticə hesab olunurdu. Digər mühüm nəticə isə ondan ibarət idi ki, həmin il ölkə iqtisadiyyatının qeyri-neft sektorunda 9,4 faiz artım əldə edilmişdi.
Qeyri-neft sektoru dedikdə təkcə rabitə, ticarət, turizm və otelçilik, ictimai iaşə və digər kütləvi xidmət sahələri deyil, sənaye, xüsusən də onun yüngül və yeyinti sahələri, həmçinin kənd təsərrüfatını nəzərə almaq gərəkdir. Ölkədə kiçik və orta sahibkarlığın inkişaf səviyyəsi də iqtisadiyyatın qeyd edilən sahələrində istehsal olunan məhsulların həcmi, çeşidi, keyfiyyəti və rəqabətqabiliyyətliyi ilə ölçülməlidir.
Odur ki, hökumətin qeyri-neft sektorunda sənayeyə getdikcə daha çox diqqət yetirəcəyi və onun inkişafını önə çəkəcəyi bəlli idi. Keçən ilin oktyabrın 22-də Prezidentin Sərəncamı ilə dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə İqtisadi İnkişaf Nazirliyinin əsasında İqtisadiyyat və Sənaye Nazirliyinin yaradılması da buna daha bir sübutdur.
Ekspert P.Heydərov deyir ki, bunlar başlanğıcdır. Sənaye elə bir sahədir ki, özünə strateji yanaşma və eyni zamanda hədəfləri əvvəlcədən müəyyənləşdirməyi tələb edir.
Əslində heç bir ölkənin iqtisadiyyatı əlahiddə inkişaf edə bilməz və elə məhsullar vardır ki, biz istəsək də onu istehsal edə bilmərik. Dünya ölkələri iqtisadi cəhətdən xammal və istehsalçı ölkələrə bölündüyündən təkcə bir amilə diqqət yetirmək kifayətdir ki, dünya bazarlarında neftin qiyməti artarkən bundan, əsasən onu ixrac edən ölkələrdən daha çox idxalçılar xeyir götürür. Beləliklə, yüksək məbləğdə valyuta gəlirləri yeni və müasir texnologiyaların tətbiqini asanlaşdırdığından idxala geniş meydan açılır.
Azərbaycan üçün isə real vəziyyət həm də ona görə əlverişlidir ki, neftdən gələn gəlirlər azalır. Bu da qeyri-neft sektorunun aparıcı sahəsi olan sənayenin və ona məxsus bir çox sahələrdə müvafiq məhsul istehsalının yaradılmasını və inkişafını zərurətə çevirir. Ancaq ilk növbədə belə bir sual yaranır: məhz hansı istiqamətlər üzrə? Ölkəmizdə daha çox hansı növ məhsullar istehsal etmək mümkündür ki, sənaye həmin istiqamətlər üzrə inkişaf etsin?
Prezident İlham Əliyevin 2014-cü ilin Azərbaycan Respublikasında “Sənaye ili” elan edilməsi haqqında Sərəncamında qeyd edilir ki, son 10 ildə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi sənayenin inkişafında da böyük uğurlar qazanılmış, sənaye məhsulları istehsalının həcmi 2,7 dəfə artmışdır. Bu müddət ərzində rəqabətqabiliyyətli sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilmiş, yeni iş yerləri açılmış, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu mərhələdə müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədi ilə bir sıra tədbirlərin həyata keçirilməsi, mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması zəruri sayılır.
Nazirlər Kabinetinin bu ilin yanvarın 9-da keçirilən iclasında da qeyd olunmuşdur ki, ölkədə sənaye istehsalının artırılmasını təmin edə biləcək texnoparkların yaradılması xüsusi əhəmiyyət kəsb edir və bu istiqamətdə real nəticələr də vardır. Belə ki, artıq Sumqayıt Texnologiyalar Parkı fəaliyyət göstərir və yeni Kimya Texnologiya Parkı işə düşmək üzrədir. Həmçinin Balaxanı Sənaye Parkının yaradılması prosesi gedir, Mingəçevir Texnologiya Parkının yaradılması nəzərdə tutulur. Bütün bu istiqamətlərdə cari ildə ciddi addımlar atılacaqdır.
2014-cü ildə metallurgiyanın inkişafı ilə də bağlı bir çox işlər görüləcəkdir ki, bu da Azərbaycanda kifayət qədər xammal və təbii resursların olması ilə əlaqədardır. Prezident İlham Əliyev də bunu diqqətə çatdıraraq demişdir: “2014-cü ildə metallurgiya sənayesinin inkişafı ilə bağlı ciddi addımlar atılmalıdır. Bu, çox perspektivli bir sahədir. Xüsusilə nəzərə alsaq ki, metallurgiya sənayesinin inkişafı üçün bizdə kifayət qədər yerli xammal, təbii resurslar vardır. Müasir metallurgiya kombinatının tikintisi əlbəttə ki, çox böyük bir nailiyyət olacaqdır. Hesab edirəm ki, bu il bu sahəyə xüsusi diqqət göstərilməlidir”.
Ekspertin fikrincə, qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün bəzi amilləri indidən nəzərə almaq vacibdir. Məsələn, əvvəla sənayenin inkişafına, xüsusən də onun maşınqayırma ilə metallurgiya kimi ağır sahələrində məhsul istehsalının təşkili və genişləndirilməsinə ölkənin neft-qaz sektorunun tələbləri çərçivəsindən kənarda yanaşmaq düzgün olmaz. Eyni zamanda, tikinti və quraşdırma sahəsində daxili bazarın tələblərini də nəzərə almaq lazımdır.
İkincisi, sənayenin yüngül və yeyinti sahələrinin inkişafını kənd təsərrüfatının istehsal həcmindən və ümumiyyətlə, aqrar sektorun inkişafından kənarda təsəvvür etmək olmaz: sənayenin bütün emaledici sahələri məhz kənd təsərrüfatına bağlıdır.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2013-cü ildə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 33,7 milyard manat təşkil edərək əvvəlki illə müqayisədə 1,8 faiz artmışdır. Sənayenin mədənçıxarma, emal, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrinin hamısında 2012-ci illə müqayisədə artım qeydə alınmışdır. İstehsalın dörddəüç hissəsi mədənçıxarma, 20,1 faizi emal, 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilmişdir. Sənayenin inkişafı zamanı isə ona aid ümumi məhsul istehsalı həcmində emal bölməsinin payı ən azı 30-35 faizə çatdırılmalıdır.
“2014-cü il üzrə Azərbaycanın makroiqtisadi proqnoz göstəricilərində ÜDM-in sahə strukturunda sənayenin ümumi payı 41,8 faiz planlaşdırılmışdır ki, bunun 36,4 faizi neft və qaz sənayesinin, yalnız 5,4 faizi qeyri-neft sənayesinin üzərinə düşür” - deyən ekspert P.Heydərov vurğulayır ki, sonuncu rəqəm davamlı olaraq artırılmalıdır və dövlətimizin başçısı bunu “Sənaye ili”nin başlıca vəzifəsi elan etmişdir.
Üçüncüsü, gömrük və vergi siyasəti daim təkmilləşdirilməli və onun xüsusən, yüngül və yeyinti sənaye bölmələrinin bilavasitə yerli aqrar sektor ilə qarşılıqlı əlaqəsinin daha sıx möhkəmləndirilməsi istiqamətində stimullaşdırıcı rolu maksimum səviyyəyə çatdırılmalıdır. Bunun üçün isə daxili istehlak bazarı ölkədə istehsalı mümkün olan məhsulların idxalından və hər cür güzəştli idxaldan tamamilə yaxa qurtarmalıdır.
Dördüncüsü, Azərbaycanın ixrac potensialı daha geniş çeşiddə və çoxlu sayda mallar ixrac etməyə imkan verdiyinə görə, iqtisadiyyatın sənaye sahəsi başda olmaqla, qeyri-neft sektorunda təkcə kəmiyyət deyil, keyfiyyət də əsas hədəf seçilməlidir. Çünki sənaye məhsulları keyfiyyətcə aşağı olduqca, eyni adda məhsulun kənardan gətirilməsinə ehtiyac yaranacaqdır.
Prezident İlham Əliyevin müvafiq Sərəncamında bu və digər müasir çağırışlar nəzərə alınmaqla dövlət və hökumət strukturları qarşısında konkret vəzifələr qoyulur. Bu vəzifələrin uğurla həyata keçirilməsi, xüsusən sənayenin inkişafına dair “2015-2020-ci illər üçün Dövlət Proqramı”nın hazırlanması və icrası “Sənaye ili”nin başlıca yekunu olacaqdır.
Ceyhun Rüstəmov
AZƏRTAC-ın müxbiri