SİYASƏT
Azərbaycanın Müdafiə Nazirliyinin təqdim etdiyi videoçarxda Ordumuzun və xalqımızın döyüş ruhunun sarsılmazlığı əks olunub
Bakı, 3 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də səhər saatlarından başlayaraq ordumuzun mövqelərini və yaşayış məntəqələrimizi ağır artilleriya silahlarından atəşə tutması, düşmənin bu təxribatlarına qarşı bölmələrimizin uğurlu əks-həmlə əməliyyatı, eləcə də xalqımızın igid övladlarının Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda müharibəyə tam hazır olması ilə bağlı növbəti videoçarx paylaşıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan videoçarxda əvvəlcə düşmənin yaşayış məntəqələrimizi, dinc əhalini hədəfə alması nəticəsində mülki şəxslər arasında ölən və yaralananların olduğu, əhalinin əmlakına külli miqdarda ziyan dəyməsini əks etdirən görüntülər yer alıb.
Bundan başqa, videoçarxda Azərbaycan Ordusunun əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə düşmənə qarşı həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı nəticəsində düşmənə sarsıdıcı zərbələr vurması qeyd olunub. Həmçinin ölkəmizdə qismən səfərbərlik elan olunması barədə Prezident, Ali Baş Komandan İlham Əliyevin Sərəncamına əsasən, ölkəmizdə on minlərlə igid Vətən övladının düşmənə layiqli cavab vermək, ərazilərimizi işğaldan azad etmək üçün böyük ruh yüksəkliyi ilə ordu sıralarına qoşulduğu diqqətə çatdırılıb.
Videoçarx Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” sözləri ilə başa çatır.